ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.
Metyu Millerin fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a vurğulayıb ki, hazırda ABŞ-də bir lobbi formalaşıb. Bu lobbi ermənilərin çirkli pullarının təsirinə çevrilib:
“ABŞ əlində olan bütün imkanlardan istifadə edərək Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərir. Rəcab Tayyib Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını bəhanə edərək ABŞ dövlət departamentini Türkiyəyə qarşı təzyiq və sanksiyalara səsləmək də onların növbəti ikiüzlülüyünün göstəricisidir. Bu gün ABŞ konqresində Frank Pallone, Bob Menendes kimi adamlar əyləşiblər. Onların bir çoxu vicdan və ədalət hissini itirmiş siyasətçilərdir. Belə qeyri-obyektiv konqresmenlərin təmsil olunduğu ABŞ-nin Türkiyə və Azərbaycana qarşı obyektiv mövqeyini gözləmək özü absurd olardı”.
Politoloq Türkiyənin tarixi və ya siyasi məsələlərdən dolayı Yaxın Şərqə baxışı və yanaşmasının ABŞ-lə fərqli ola biləcəyini də söyləyib:
“Amma bunu bəhanə edərək hanısa konqresmenləri Türkiyəyə qarşı sanksiyaya səsləmək düzgün addım deyil. Həmçinin, Türkiyəni təkləmək üçün növbəti siyasi maskarad şousu düzənləmək rəsmi Vaşiqtonun iyrənc uydurmasıdır. Hesab edirəm ki, nə qədər belə müraciətlər olsa da, ABŞ dövlət departamenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərə görə Türkiyəyə qarşı ciddi siyasi təzyiqlərə getməyəcək”.