ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) X hesabında yazıb.
"ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Entoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir", - o bildirib.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. E.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.
Səfərlə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, Blinkenin bu regiona son üç ay ərzində dördüncü səfəridir:
"Ötən gün Blinken Türkiyədə Hakan Fidan, daha sonra isə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Türkiyədə baş tutan bu görüş daha konstruktiv keçdi. Türkiyə və ABŞ regionda münaqişənin bitməsinə və dayanıqlı sülhə maraqlı olduqlarını bildirdilər. Hətta ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanda mediaya belə bir bəyanat verdi ki, biz Türkiyənin regiondakı nüfuzunun münaqişənin eskolasiyasının önləmlənməsinə faydalı olacağından əminik. Ümumiyyətlə Blinkenin bu səfəri 1973-cü ildə Yom Kippur müharibəsində sonra ABŞ dövlət katibi Henri Kissincerin Yaxın və Orta Şərqə həyata keçirdiyi səfərləri xatırladır. Həmin vaxt da Henri İsrailə qarşı yaranmış cəbhəni zəiflətməyə çalışırdı. Eyni zamanda İsrail və Ərəb dünyası arasında münasibətləri normallaşdırmağa cəhd göstərirdi. Kissincer həmin səfərləri tarixdə məkik diplomatiya adı ilə yadda qalıb. İndiki Blinkenin səfərinin əsas məqsədi də məhz İsrailə qarşı bölgədə yaranmış Ərəb cəbhəsini müəyyən qədər yumşaltmaqdan ibarətdir. Çünki İsrail get-gedə həm dünyada, həm də regionda təklənir. İsrailə qarşı radikal şəkildə Livan, İran, Suriya və Yəmən daha adekvat halda isə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri cəbhə yaradıb".
Ekspert qeyd edib ki, Blinkenin bölgəyə səfərinə 3 prizmadan yanaşmaq lazımdır:
"Birincisi münaqişənin deskolasiyası, yəni İsrail Fələstin müharibəsinin daha da geniş areala çatmamasıdır. Digər tərəfdən bu səfər hümanitar böhranın aradan qalxmasına hesablanır. İsrailin Qəzzada başlatdığı əməliyyatlardan sonra bu günə qədər 22 mindən çox insan həlak olub. Hümanitar böhranın dərinləşməsi İsrail və ABŞ-ni dünya qarşısında tənqid hədəfinə düçar edib. Həmçinin, Blinkenin əsas məqsədlərindən biri post-münaqişə dövrünün müzakirəsidir. Yəni, əməliyyatlar Qəzza zolağında bitdikdən sonra orada hansı sistem yaranacaq, hakimiyyətə kim gələcək və quruculuq işlərində hansı ölkələrin iştirak etməsi gözləniləndir kimi məsələlərə aydınlıq gətirilir. Məsələn, Blinken Türkiyədə çıxışı zamanı bu məsələdə qardaş ölkəyə bel bağladığını vurğulamışdı. Blinkenin BƏƏ ilə müzakirə etdiyi məsələlər çərçivəsində də yenə İsrail və Fələstin müharibəsi dayanır. BƏƏ-i Ərəb ölkələri içərisində iqtisadi və qüdrətli dövlət olduğuna görə müəyyən təsir rıçaqları mövcuddur. Blinken eyni zamanda BƏƏ vasitəsilə İsrailə qarşı yaranmış cəbhəni dağıtmağa çalışır. Həmçinin İsrail və HƏMAS arasında dolayı yolla davam edən danışıqlar da masaya yatırılacaq mövzular içərisindədir".