“Cücə”, həm də “nəhəng”: Dünyada onun kimi insan yoxdur!

20 yaşında boyu 1 metr 40, 32 yaşında isə  2 metr 18 santimetr olub


  Dünyada qəribə insanlar, qəribə talelər “n” qədərdir. Adam Rayner isə hündür boyuna, çəkisinə görə məşəqqətlər çəkib. Heç bir arzusu da reallaşmayıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu qəribə adamın kədərli hekayəsini təqdim edir. Adam Rayner Avstriyanın Graz əyalətində 1899-cu ildə anadan olub. Körpə ikən hətta normaldan aşağı boya və çəkiyə sahib olub. Valideynləri normal boy və bədən quruluşuna sahib idilər. O isə çox kiçik və cılız görünürdü. Birinci Cahan Savaşı başlayanda 18 yaşında olan Adam Rayner orduya yazılmaq istəyib, lakin boyu 1 metr 40 santimetr olduğundan istəyi qəbul edilməyib. 20 yaşına çatdıqda hərbi xidmət keçmək istəyini yenidən reallaşdırmaq istəyib, amma yenə qısa boyuna görə orduya qəbul edilməyib.  “Cücə” kateqoriyasına aid edilən A.Raynerə təqdim edilən tibbi arayışda boyu ilə müqayisədə əllərinin və ayaqlarının böyük olması qeyd edilib. Çünki boyu kiçik, ayaq ölçüsü isə 43 idi. Adam Raynerin əsl hekayəsi buradan başlayır. O, 21 yaşı tamam olduqdan sonra sürətlə boy atmağa başlayıb. Gözlənilmədən nəhəng - “div insan”a çevrilib. 21 yaşda adətən orqanizmdə inkişaf, boyatma dayanır. Onda isə əksinə olub. 32 yaşına çatdıqda boyu 2 metr 18 santimetr olub.  Onun bu durumu tibb dünyasının diqqətini çəkib. 1930-1931-ci illərdə həkim A.Mendl və F.Vindholz, Adamı yaxından tədqiq edərək sürətli boy artımının səbəblərini tapıblar. Hər iki həkim A.Raynerə akromegali – nəhəngləşmə diaqnozu qoyub. Bu nəhəng insanın daha sonra hipofiz vəzində şiş aşkarlanıb. Əməliyyat olunması qərara alınıb. Şiş götürülüb. Həkimlər zənn edib ki, bundan sonra boyun uzanması dayanacaq. Lakin gözlənildiyi kimi olmayıb. A.Raynerin böyüməsi dayanmayıb, sadəcə, sürəti azalıb. Şişin təsirindən  onun əlləri və ayaqları daha da böyüyüb. Onun görünüşü insanlarda xoş olmayan hisslər yaradıb. Ona əvvəlki kimi xoş nəzərlə baxmayıblar. Əməliyyatdan 1 il keçdikdə Adamın boyunun uzanmadığı müəyyənləşib. Amma başına gələnlər bununla bitməyib. Onurğa sütununda əyilmə başlayıb. Bu da boyunun uzanmaqda davam edəcəyini göstərib. Bir müddət sonra isə o artıq ayaq üstə dura bilməyəcək hala gəlib. Səhhətində problemlər yaranıb. Əvvəlcə sağ gözü tutulub, sonra sol qulağı kar olub, beli əyildiyindən yatağa bağlı vəziyyətə düşüb. Nəhayət, bu nəhəng insan 52 yaşında 2 metr 34 santimetr boy ölçüsüylə, ölkəsinin ən uzun boylu insanı olaraq vəfat edib. Adam Rayner indiyədək dünyada həm “cücə”, həm də “nəhəng” kateqoriyasına aid edilmiş yeganə insandır.