ABŞ-ın Minnesota ştatından seçilmiş Demokratlar Partiyasının nümayəndəsi, konqresmen İlhan Ömərin Vaşinqtondakı evində federal cinayət işi çərçivəsində axtarış aparılıb.
Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları məhkəmənin icazəsi əsasında verilmiş axtarış orderini icra ediblər. Axtarış davam edən federal cinayət işi üzrə istintaq çərçivəsində həyata keçirilib.
“ABC News” telekanalına danışan, adı açıqlanmayan mənbələrin məlumatına görə, araşdırma Ömərin immiqrasiya sənədləri ilə bağlıdır.
44 yaşlı İlhan Ömər 2018-ci ildə ilk dəfə ABŞ Konqresinə seçilib. O, ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı sərt mövqeyi ilə tanınır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens may ayında Tramp administrasiyasının Ömər barəsində immiqrasiya prosedurlarında saxtakarlıq iddiaları ilə bağlı araşdırma aparacağını bildirmişdi. Konqresmen isə ona qarşı irəli sürülən iddiaları rədd edib.