Planetar oyunçuların hibrid müharibəsi: Pxenyan və Seul arasında gərginlik artır

Pxenyanla qarşıdurma siyasəti Seul üçün intihardır, hərbi təxribat olarsa, KXDR Koreya Respublikasını məhv etmək üçün bütün arsenalından istifadə edəcək.
Bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
“Cənubi Koreya xalqımıza qarşı hərbi güc tətbiq etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, onları tamamilə məhv etmək üçün mövcud vasitə və qüvvələrin tam arsenalından istifadə edəcəyik. Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin yanlışlığını dərk edənə qədər respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri davam etdirəcək”, - o bildirib.

Kim Çen İnin fikirlərinə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi eskalasiya riskinin yaranması iki fərqli qütbdə yer alan planetar oyunçuların hibrid müharibəsinin tərkib hissəsidir:

"Rusiya Şimali Koreyadan aldığı silahları Ukraynada istifadə edir, bunun əvəzində isə təbii ki, Pxenyan Moskvaya arxalanan bir niyyətini ifadə edir. Bu niyyət isə Cənubi Koreyaya qarşı qorxu aktını gücləndirməkdir. Digər tərəfdən Çinin Tayvana müdaxilə imkanlarını nəzərdən keçirdiyi məlumdur ki, burada Pekin rəqibi ABŞ-nin diqqətini yayındırmaq üçün manevrlər axtarır.  Şimali Koreya ilə Cənubi Koreyanın gərgin münasibətləri Rusiya və Çinə ABŞ-nin diqqətini bölmək baxımından sərfəlidir. 
Uzaq şərqdəki maraqların toqquşması fonunda ABŞ-Cənubi Koreya-Yaponiya üçbucağının mövqeləndiyi nöqtənin qarşı tərəfində Rusiya-Çin-Şimali Koreya üçlüyü rəqib kimi dayanır. Şimali Koreya ilə Cənubi Koreyanın müharibəyə  başlamasını düşünmürəm. Lakin hərbi eskalasiyaya gətirib çıxaran addımlar şiddətlənsə, onda müharibə beynəlxalq aləmin qapısını döyəcək.  Cari situasiyada Pxenyanla Seul arasındakı hərbi insidentləri Çinin Tayvanı birləşdirmək sevdası ilə əlaqələndirmək olar".