Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami namizədliyini geri götürdüyünü elan edib.
Bu barədə Ramasvami Ayova ştatında çıxışı zamanı deyib.
Ramasvami qeyd edib ki, namizədliyini geri götürüb və eks-prezident Donald Trampı dəstəkləmək niyyətindədir.
Xatırladaq ki, Ramasvami Ukraynadakı münaqişənin ABŞ-ın maraqlarına cavab vermədiyini və seçiləcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını elan etmişdi.
Vivek Ramasvaminin Prezidentliyə namizədliyini geri götürməsini "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Amerika Birləşmiş Ştatlarında ilin başlaması ilə Prezidentlik uğrunda mübarizə gücləndi:
"Qarşıdakı dövürdə isə daha maraqlı proseslər baş verəcək və artıq onun işartılarını görürük. "Respublikaçılar" partiyasından olan Vivek Ramasvami namizədliyini Donald Trampın xeyrinə geri götürüb. Eyni zamanda Vivek Ukrayna müharibəsi ilə bağlı da birmənalı qarşılanmayan mövqeyi ilə seçilirdi. Onun ideyaları Trampın fikirləri ilə üst-üstə düşür. Ümumiyyətlə Respublikaçılar cəhbəsində Trampın uğur qazanacağına inananlar çoxdur. Bayden bir çox insanların ümidlərini doğrultmayıb. Hətta demokratlar arasında da Trampa qarşı münasibətlər dəyişməkdədir. Bütün bunlar onu göstərir ki, ABŞ-da ilin sonunda çox maraqlı və dünyanın yaxından izləyəcəyi Prezident seçkiləri gözlənilir. Ukrayna müharibəsində Kiyevə verilən dəstəyin azaldılması ABŞ-da suallar yaradır. Amerika vətəndaşları düşünür ki, onların ödədikləri vergilərdən Ukraynaya ayrılan pullar hansı nəticəni verdi? Bu uğursuzluq isə hazırkı ABŞ administrasiyasının ayağına yazılır. Tramp isə bu vəziyyətdən istifadə edir və öz ətrafında elektorat toplayır. Donald Tramp bir dəfə Prezidenti kürsüsünə sahib olan şəxs kimi həmin kürsünün imtiyazlarını və seçici kütləsini toplamağı yaxşı bilir. İndi isə məharətlə həmin taktikaları tətbiq etməkdədir".