Seçkilərdə Səid Cəlilinin qalib gəlməsi də mümkündür  - Politoloq

"Azərbaycan xalqı olaraq Məsud Pezeşkiyanın qalib gəlməsini gözləyirik”

İranda prezident seçkilərinin ikinci turu keçirilir.

İkinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev söyləyib ki, İranda Prezident seçkilərinin ikinci turu kəskin mübarizə şəraitində keçirilir: 

“İkinci turda kimin qalib gələcəyini söyləmək çətindir. Əgər ikinci turda azərbaycanlılar yaşayan bölgələrdə seçki aktivliyini islahatçılar çoxalda bilsə, Məsud Pezeşkiyanın qalib gəlmə şansı yüksəkdir. Birinci turda parlamentin sipikeri Məhəmməd Baqiri Qalibaf üçüncü yerə çıxaraq, bütün tərəfdarlarını Səid Cəliliyə səs verməyə çağırdı. Bu göstərir ki, mühafizəkar qurup birləşib. Belə olan halda ikinci turda Səid Cəlilinin qalib gəlməsi də mümkündür. Yəni insanların münasibətindən asılı olaraq seçki nəticələrini öyrənmək olar.   Birinci turda talışlar və giləklər yaşayan bölgələrdə Pezeşkiyan böyük səslə qalib gəldi. Amma farslar, kürdlər və ərəblər yaşayan ərazilərdə isə Səid Cəlilinin üstün olduğunu müşahidə etdik. Azərbaycan xalqı olaraq Məsud Pezeşkiyanın qalib gəlməsini gözləyirik”.

Qeyd edək ki, seçkilərin ilk turunda Məsud Pezeşkian 10,4 milyon, Səid Cəlili isə 9,5 milyon səs toplamışdı.