Fransa Beynəlxalq Azadlıq Cəbhəsi ilə üz-üzə qalıb

Makronun nadan, köntöy siyasəti vəziyyəti bu yerə gətirib çıxardı
 
Fransa Cənubi Qafqazda revanşizmi körükləmək, süni gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin qarşılığını aldı
 
 
 
 Rəsmi Bakı Fransa Prezidenti Emmanuel Makronun İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdə Azərbaycana qarşı davamlı olaraq yol verdiyi təxribatçı hərəkətlərinin qarşılığında bu ölkə ilə onun öz dilində danışmağa qərar verib. Makron iyulun 18-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında Ermənistanın silahlanma siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən sərsəm fikirləri ilə “alovlu natiqlik” məharətini nümayiş etdirdiyi dəqiqələrdə paytaxtımızda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə Birinci Qurultay keçirildi. İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin - Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəldilər.

 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Ekspertin sözlərinə görə, Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər:
 "Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannamədə Fransa kolonializmi, Parisin irqçi və repressiv siyasəti pislənildi. Bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin surətdə qınanıldı. Beləliklə, 60 ildir ki, Fransa müstəmləkəçiliyinə qarşı ayrı-ayrılıqda xaotik mübarizə apardıqlarına görə birgə cəbhə yarada bilməyən koloniyalar indi Bakının dəstəyilə belə bir vahid cəbhəni yaratmağa nail oldular. Buna görə Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb və Azərbaycana minnətdarlıq ifadə olunub.
Beləliklə, Beynəlxalq Azadlıq Cəbhəsi qlobal müstəmləkəçiliklə mübarizədə yeni və effektiv platforma olacaq".
 Ə.Hüseynova görə, bu Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirməyə və onların öz müqəddəratlarını təyin etmə məsələlərini dünya ictimaiyyətinin diqqətinə dolğun şəkildə çatdırmaq məsələsində mühüm rol oynayacaq: "Bəli, məhz Makronun nadan, köntöy siyasəti vəziyyəti bu yerə gətirib çıxardı. Fransa Cənubi Qafqazda revanşizmi körükləmək, süni gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin qarşılığı olaraq Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması faktı ilə üz-üzə qaldı. Başqa sözlə desək, Makron özü bizi vadar etdi ki, biz də Fransa ilə bu tonda danışaq, bu cür davranaq. Azərbaycan Prezidenti İlham Əliyevin fransız müstəmləkəçiliyinə qarşı prinsipial mövqeyi beynəlxalq hüquqa söykənir. Bu gün Azərbaycan paytaxtında fransız müstəmləkəçiliyinə qarşı qurultay keçirilməsi Makronun məkrli siyasətinə qarşı ən layiqli cavabdır. Azərbaycan müstəmləkəçiliyə qarşı həmrəylik və mübarizə mərkəzinə çevrilir".