Tramp və Netanyahu tərəfindən dəyərləndirilən bu plan olduqca riskli hesab olunur
İran-İsrail-ABŞ müharibəsi davam edir. Beynəlxalq mediada diqqətçəkən iddia ortaya atılıb. İngiltərənin “The Telegraph” qəzeti yazır ki, ABŞ və İsrail İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlı əməliyyat planını müzakirə edir.
Sherg.az xəbər verir ki, məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən dəyərləndirilən bu plan olduqca riskli hesab olunur. İddia edilən əməliyyatın məqsədi İranın nüvə silahı istehsalında istifadə edə biləcəyi materialları ya ələ keçirmək, ya da zərərsizləşdirməkdir.
Hərbi ekspertlərə görə, söhbət çoxmərhələli və mürəkkəb bir əməliyyatdan gedir. Plan çərçivəsində xüsusi təyinatlı qüvvələrin hava-desant yolu ilə əraziyə daxil olması, nüvə obyektlərinin mühasirəyə alınması, uran ehtiyatlarının müəyyən edilməsi, yeraltı komplekslərə giriş və materialların daşınması və ya məhv edilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, belə bir addım 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə edilən, lakin uran ehtiyatlarını tam məhv edə bilməyən hava hücumlarının davamı ola bilər. Ehtimallara görə, bu ehtiyatların bir hissəsi İsfahan, Fordo və Natanz kimi obyektlərin dərinliklərində saxlanılır.
ABŞ rəsmiləri də dolayı yolla bu ehtimalı istisna etməyib. Donald Tramp “bəlkə biz çatacağıq” açıqlaması ilə belə bir addımın mümkünlüyünə işarə edib. ABŞ Dövlət katibi Marko Rubio isə “kimsə gedib bunu götürməlidir” deyərək mövqeyini ortaya qoyub.
Bununla belə, mütəxəssislər belə bir əməliyyatın son dərəcə təhlükəli olduğunu vurğulayır. Radioaktiv maddələrin daşınması, uzunmüddətli əməliyyat ehtimalı və düşmən ərazisində geniş hərbi iştirak riskləri daha da artırır. Bəzi ekspertlər bu cür əməliyyatın “demək olar ki, qeyri-mümkün” olduğunu bildirir.
Keçmiş NATO komandanı Ceyms Stavridis isə belə bir ssenarinin reallaşacağı halda bunun “tarixin ən böyük xüsusi təyinatlı əməliyyatı” ola biləcəyini qeyd edib.
Hazırda bu plan rəsmi şəkildə təsdiqlənməsə də, iddialar regionda gərginliyin daha da artacağından xəbər verir.