ABŞ Monqolustanda yerləşməklə bölgəyə təsir imkanlarını artırmağa çalışır
ABŞ-nin Monqolustanda hərbi baza yaratması istəyi Moskva ilə Pekini ciddi narahat edir
ABŞ ilə Rusiya müxtəlif bölgələr uğrunda mübarizələrini davam etdirirlər. Rəqabət Cənubi Qazqazdan və Mərkəzi Asiyadan tutmuş Afrika qitəsinə qədər uzanıb. Yeni mübarizə meydanı Monqolustandır. Vaşinqtonun Monqolustana marağı artıb. ABŞ rəsmilərinin 2023-cü ildə Monqolustana səfərlərinin sayı çoxalıb. Halbuki Monqolustan uzun illər keçmiş SSRİ-nin müttəfiqi olub. SSRİ dağıldıqdan sonra Monqolustan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, ABŞ və Avropa ilə də əməkdaşlığını gücləndirməyə qərar verib. Bu durum Vaşinqtonla Brüsselin maraqlarına cavab verib. Monqolustan Rusiya ilə Çinin arasında yerləşdiyindən Vaşinqton Ulan-Batorla sıx əlaqələr qurmağa qərar verib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya və Çin bu vəziyyətdən narahatdır. Ekspertin sözlərinə görə, Qərbin marağına baxmayaraq, Monqolustanın əsas iki ticarət tərəfdaşı Rusiya və Çindir:
"Monqolustanın Çinlə illik ticarət dövriyyəsi təxminən 12 milyard dollar, Rusiya ilə 9.7 milyard dollardır. Qərb ölkələri artan siyasi təmaslara baxmayaraq, Monqolustanla hələ sıx iqtisadi əlaqələr qura bilməyiblər. Rusiya Monqolustanın əsas enerji ixracatçısıdır. Buna baxmayaraq, ABŞ Mərkəzi Asiya ölkələri ilə əlaqələri üst səviyyəyə qaldırdığı kimi Monqolustanla da təmasları inkişaf etdirməkdə israrlıdır. Vaşinqton bu siyasəti 2019-cu ildən fəallaşdırıb. ABŞ və Avropa İttifaqı Monqolustanın təbii sərvətlərinə maraq göstərirlər. ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Xose Fernandes 2023-cü ildə Ulan-Batorda müxtəlif layihələri müzakirə edib. Eyni ildə Monqolustanın baş naziri ABŞ-də rəsmi səfərdə olaraq bu ölkənin vitse-prezidenti Kamala Harrislə görüşüb. Kreml bunu özü üçün təhlükə kimi qiymətləndirir. Çünki Rusiyanın Çinə lojistik yolları Monqolustandan keçir".
Ekspert vurğulayıb ki, Pekin də narahatdır:
"Çində hesab edirlər ki, ABŞ Monqolustanda yerləşməklə bölgəyə təsir imkanlarını artırmağa çalışır. ABŞ-nin Monqolustanda hərbi baza yaratması istəyi Moskva ilə Pekini ciddi narahat edir. Ona görə Pekin Ulan-Batorla hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirmək istəyir. Çinin keçmiş müdafiə naziri Li Şanfu bu məsələlərlə məşğul olurdu. Ancaq müdafiə naziri və bir sıra çinli generallar korrupsiya ittihamıyla vəzifələrindən uzaqlaşdırıldılar. Müdafiə nazirinin partiya nizamnaməsini kobud surətdə pozduğu bildirildi. Çin lideri Tsi Cinpin Monqolustanla əlaqələr mövzusuna şəxsən özü nəzarət etməyə başladı".