Mahmud Abbas yaranmış gərginliyin səbəbkarıdır -ŞƏRH

 Böyük ehtimalla Ərdoğan hesab sormaq üçün onu Ankaraya dəvət edib
 
“Bunu anlayan Mahmud Abbas ilk olaraq saymazlıq nümayiş etdirsə də, Ərdoğanın “lazım olarsa, Liviyaya müdaxilə etdiyimiz şəkildə bölgəyə gələ bilərik” xəbərdarlığı onda soyuq duş effekti yaradıb”
 
 
 Türkiyə ilə Fələstin hökuməti arasında gərginlik yaşanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin rəhbəri Mahmud Abbası parlamentdə çıxış etməyə dəvət etdiyini, lakin onun gəlmədiyini söyləyib. Ərdoğan Rize şəhərində qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda deyib ki, Türkiyə insanlığın vicdanına çevrilib: “Kim dedi ki, biz Mahmud Abbası dəvət etməmişik? Onu dəvət etdik, gəlmədi. Baxaq, görək gələ bilərmi? Gələ də bilər, gəlməyə də. Abbas dəvətimizi qəbul etmədiyi üçün ilk olaraq bizdən üzr istəməlidir. Biz Qəzza və Fələstindəki qardaşlarımız üçün hərəkətə keçməkdən çəkinmədik. Bölgəyə ən çox humanitar yardım göndərən ölkə bizik. Biz bütün dünyaya İsrailin törətdiyi qırğından danışdıq”. Fələstinin Ankaradakı səfiri Faed Mustafa isə bildirib ki, Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış etmək niyyətindədir. Diplomatın sözlərinə görə, Fələstin lideri Türkiyə parlamentinin sədrindən parlamentdə çıxış etmək üçün rəsmi dəvət alıb. Hazırda diplomatik kanallar vasitəsilə M.Abbasın çıxış tarixinin müəyyənləşdirilməsi istiqamətində iş görülür. Fələstin səfiri iki qardaş ölkə və xalq arasında əlaqələrin dərinliyini qeyd edib. Fələstinin hüquqlarının dəstəklənməsi və qorunmasında Türkiyənin mövqeyini yüksək qiymətləndirib.

 Politoloq Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Türkiyə ilə Fələstin arasında yaşanan gərginliyin arxasında Mahmud Abbasın separat danışıqları dayanır. Ekspertin sözlərinə görə, Mahmud Abbas yaranmış gərginliyin səbəbkarlarından biridir:

 "Böyük ehtimalla Ərdoğan hesab sormaq üçün onu Ankaraya dəvət edib. Bunu anlayan Mahmud Abbas ilk olaraq saymazlıq nümayiş etdirsə də, Ərdoğanın “lazım olarsa, Liviyaya müdaxilə etdiyimiz şəkildə bölgəyə gələ bilərik” xəbərdarlığı onda soyuq duş effekti yaradıb. Bəziləri bu yorumu Ərdoğanın İsrailə hücumu kimi dəyərləndirsə də, əslində, Fələstin yönətimi öz payını götürüb. Uzun illər HƏMAS təşkilatı Fələstinin içərisində yeraltı şəhər salmasına və baş vermiş məlum terror hadisəsinə göz yuman və ya iştirakçı olan Mahmud Abbasdır. Hesab edirəm ki, Fələstin hakimiyyətində dəyişiklik olmazsa, bölgəyə sülhün gəlməsi üfüqdə belə görünmür. Fələstin hökuməti İsrailin tələbləri ilə razılaşaraq danışıqlara başlamalıdır. Dini ekstremizmi dəstəkləyən hakimiyyət bölgəyə sülh gətirə bilməz".