Haniyənin ölümü dünyada şok yaratdı: İran qisas almağa hazırlaşır

Bu əməliyyatın arxasında hansı qüvvələrin dayandığına dair iddialar, ehtimallar, gümanlar çoxdur
 
 
 HƏMAS lideri İsmayıl Haniyənin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Nəticədə o və mühafizəçisi öldürülüb. İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi. Fələstin Prezidenti Mahmud Abbas deyib ki, HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir. O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb. İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayaraq İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacağını bildirib. Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin əməkdaşı Anna Ukolova bildirib ki, İsrail Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə məsuliyyət daşımır. Qeyd edək ki, Haniyə 2006-cı ildə Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilib. O, maşın karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulmuşdu. ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.
 
İsraildə nazirlərə qəti tapşırıq verildi: Haniyənin ölümü...
 
 İsraildə nazirlərə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı danışmamaq tapşırılıb. “Yerusəlim Post” nəşri yazıb ki, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi nazirlərə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə münasibət bildirməməyi əmr edib.
 
İran Haniyənin Tehranda öldürülməsindən şoka düşüb
 
 “Nyu York Tayms”ın məlumatına görə, baş vermiş hadisə İranın təhlükəsizlik reputasiyasına böyük zərbədir və bütün regiona mesajdır: "Raket birbaşa Haniyənin yataq otağına düşüb. Ayətullah Xameneinin və ya Haniyənin öldürülməzdən bir neçə saat əvvəl görüşdüyü İranın yeni prezidentinin yataq otağına da düşə bilərdi". "Əl Mayadin" məlumat yayıb ki, Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb: "O, "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb".
 
Amerikalı jurnalistdən Haniyəyə sui-qəsddən öncə paylaşım...
 
 Amerikalı jurnalist Riçard Qoldberqin Tehranda baş vermiş sui-qəsddən bir neçə saat əvvəl etdiyi paylaşım rezonans doğurub. Jurnalistin İsrail aviasiyası ilə bağlı paylaşımı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi hadisəsi ilə əlaqələndirilib. Jurnalist Riçard Qoldberq İsmayıl Haniyənin öldürülməsindən bir neçə saat əvvəl X hesabında yazıb: "Bu gecə İsrail Hərbi Hava Qüvvələri öz gücünü göstərəcək".
 
İrandan HƏMAS liderinin öldürülməsinə münasibət
 
 İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü İran, Fələstin və müqavimət qüvvələri arasında əlaqəni gücləndirəcək: “Qardaşımız İsmayıl Haniyənin Tehranda ölümü İran İslam Respublikası, əziz Fələstin və müqavimət qüvvələri arasında dərin və qırılmaz əlaqəni daha da gücləndirəcək”.
 
Türkiyədən Haniyənin öldürülməsinə reaksiya..
 
 Türkiyə Xarici İşlər Nazirliyi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda alçaq bir sui-qəsd nəticəsində qətlə yetirilməsini lənətləyib: "Netanyahu hökuməti sülh niyyətində olmadığını növbəti dəfə sərgilədi. Bu hücum Qəzza məsələsini regional müstəvidə genişləndirməyi hədəfləyir. Beynəlxalq toplum İsraili dayandırmaq üçün hərəkətə keçməyəcəyi təqdirdə bölgəmiz bundan daha çox böyük qarşıdurmalara şahid olacaq".
 
Rusiyadan Haniyənin öldürülməsi ilə bağlı açıqlama...
 
 Rusiya Xarici İşlər Nazirliyinin Haniyənin ölümü ilə bağlı bəyanatında belə deyilib ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi qəti şəkildə qəbuledilməz siyasi sui-qəsddir: “Bu, gərginliyin daha da genişlənməsinə yol açacaq”.
 
"Bayden administrasiyası İsmayıl Haniyənin öldürülməsində iştirak etməyib və xəbərsiz olub"
 
 Bayden administrasiyası HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsində iştirak etməyib və xəbərsiz olub. Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Sinqapurun CNA telekanalına açıqlmasında deyib.
 
"Əməliyyatın İsrailin xüsusi xidmət strukturları tərəfindən həyata keçirildiyi şübhə doğurmur"
 
 Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, iddialar, ehtimallar, gümanlar çoxdur. Ekspertin sözlərinə görə, Qərb mediası və analitiklər bu "zərbə əməliyyatı"nın, əslində, İranın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edirlər: 
"Fəqət, bu iddia absurddur. Çünki İran prezidentinin andiçmə mərasiminə dəvət edilmiş fəxri qonağın Tehranda öldürülməsi İranın təhlükəsizlik strukturları üçün böyük, hətta çox böyük ləkədir. İranda heç bir qurum ölkənin nüfuzuna tərs şillə sayılacaq belə addım atmaz. Əməliyyatın İsrailin xüsusi xidmət strukturları tərəfindən həyata keçirildiyi şübhə doğurmur. Daha dəqiq olsaq, bu əməliyyatın arxasında İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin dayandığını söyləmək olar. Dollar milyarderi olan İsmayıl Haniyənin İran rəhbərliyi, xüsusilə də SEPAH komandanlığı ilə son vaxtlar münasibətləri ifrat dərəcədə soyumuşdu. Onun iqamətgahının yerləşdiyi Qətərdən də çıxarılması gözlənilirdi, çünki rəsmi Doha HƏMAS-a yardımlar etsə də, bu qruplaşmanın rəhbərliyi "müstəqil" siyasət yürütməyə üstünlük verirdi. İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi İranın xüsusi xidmət strukturlarının üzqarası sayıla bilər. Çünki İran paytaxtında belə əməliyyat keçirilirsə, üstəlik, prezidentin andiçmə mərasiminə dəvət almış fəxri və yüksək mənsəbli qonaq qətlə yetirilirsə, kim təminat verə bilər ki, analoji əməliyyat Tehranda İranın hakimiyyət mənsublarından birinə qarşı reallaşdırıla bilməz? Belə təminat artıq yoxdur, çünki Tehranda ali qonaqların mühafizə sisteminin "aşsüzən" təsiri bağışladığı bəlli oldu. İsmayıl Haniyə 13 övlad atası idi. Bu ilin aprelin 10-da onun üç oğlu və üç nəvəsi Qəzza bölgəsindəki Şəti qaçqın düşərgəsinin İsrail tərəfindən bombalanması nəticəsində həlak olmuşdular. İsmayıl Haniyənin bacıları Xalidiyyə, Leyla və Səbah İsrailin Tel-Şeva şəhərində yaşayırlar. Onların övladları İsrail ordusunda xidmət ediblər və üçü də dul olan qadınların hamısı İsraildən təqaüd və müavinətlər alırlar".