Dünən Ukrayna ərazisindən Rusiyanın Kursk vilayətinə pilotsuz uçuş aparatları və raketlərlə kütləvi hücum olub. Bu barədə regional administrasiyadan məlumat verilib. Yayılan informasiyaya əsasən, hazırda ərazidə vəziyyət gərgin olaraq qalmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ukrayna ərazisindən sərhəd pozulmasının qarşısını aldığı barədə xəbər yayılıb. Düşmən qüvvələrinin region ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün Rusiyanın Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bunu qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib. Smirnovun sözlərinə görə, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalmaqdadır.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kursk vilayətində rəsmi Kiyev dəfələrlə hava və quru məkanından diversiyalar edib:
“Hazırkı hücumlar isə daha genişmiqyaslı diversiyadır. Ukrayna belə hücumlar etməklə Rusiyaya göstərdi ki, müqavimət davam edir. Bu istər-istəməz Ukrayna üçün uğurdur. Ötən il Ukraynanın əks-hücum əməliyyatları uğursuzluqla nəticələndi. Rusiya isə müəyyən qədər ərazilər götürərək Ukrayna cəbhəsində özünə müdafiə xətti qurdu. Ukraynanın sözügedən diversiyasının davamının olacağını düşünürəm. Əgər Amerika Birləşmiş Ştatlarında prezident seçkilərində Kamala Harris qalib gələrsə, rəsmi Vaşinqton Ukraynaya daha böyük dəstək verəcək. Bundan sonra isə Rusiya üçün vəziyyət çətinləşəcək".