Böyük Britaniya, Fransa və Almaniya üçtərəfli bəyanat verərək İranı İsrailə qarşı mümkün hücumdan çəkinməyə çağırdı
“Tehran hərbi eskalasiya gedərsə, ağır bədəllər ödəyəcəyini hesablamamış deyil. Ona görə də İran tərəfi İsrail məsələsini başqa müstəviyə keçirərək hədəfdən yayınır”
Fransa, Almaniya və Böyük Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayaraq, İran və müttəfiqlərini "regional gərginliyi daha da artıracaq, atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə" çağırıb. Birgə bəyanatda Avropa liderləri Qətər, Misir və ABŞ-nin atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istiqamətində bu ölkələrin fəaliyyətini təqdir ediblər. Vurğulanıb ki, Qərb ölkələri Şeyx Təmim bin Həməd əl Tani, prezident Sisi və prezident Baydenin danışıqların dərhal bərpasına çağıran birgə bəyanatını dəstəkləyirlər: "Bununla bağlı əlavə gecikmənin olmamasını dəstəkləyirik. Biz gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə işləyirik, gərginliyi azaltmaq və sabitliyə aparan yol tapmaq üçün səylərimizi əsirgəməyəcəyik. Döyüşlər indi başa çatmalı və HƏMAS tərəfindən hələ də saxlanılan bütün girovlar azad edilməlidir. Qəzza xalqının təcili və maneəsiz yardıma ehtiyacı var". Almaniya, Fransa və Böyük Britaniya liderləri artan gərginlikdən dərin narahatlıq ifadə edərək, gərginliyin azaldılması və regional sabitliyin əldə olunmasında həmrəy olduqlarını ifadə ediblər. "Biz İranı, onun müttəfiqlərini regional gərginliyi daha da artıracaq, atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitlik üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaqlar. Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə faydalanmır", - birgə bəyanatda vurğulanıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az”a deyib ki, İranda "Həmas" lideri İsmayıl Haniyənin İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülməsi Tehranın suverenliyi və təhlükəsizliyini təhdid edərək, kəşfiyyat sistemində agentura şəbəkəsinin olduğunu üzə çıxardı:
"Baş verən sui-qəsddən sonra İran tərəfi İsrailə qarşı qisas əməliyyatı keçirəcəyini qeyd edir. Amma qisasın "uyğun vaxtda" ediləcəyi vurğulanır. Qərb ölkələri İrana xəbərdarlıq edərək, belə bir əməliyyata getməməyi tövsiyə edirlər. Böyük Britaniya, Fransa və Almaniya üçtərəfli bəyanat verərək İranı İsrailə qarşı mümkün hücumdan çəkinməyə çağırdı. Təbii ki, İran bu xəbərdarlığı gözardı edə bilməz. Tehran hərbi eskalasiya gedərsə, ağır bədəllər ödəyəcəyini hesablamamış deyil. Ona görə də İran tərəfi İsrail məsələsini başqa müstəviyə keçirərək hədəfdən yayınır. Tehran ənənəvi ritorikasına işıq salaraq öz mətbuatında Azərbaycanda İsrail "baza"larını "vurmaqdan" danışır. Əlbəttə, Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur. Tehran da bunu çox yaxşı bilir. Sadəcə prosesi manipulyasiya edərək zədələnmiş "imicini" sığortalamağa çalışır. Zəngilanda Camış fermasını İsrailin "hərbi bazası" kimi görən İran hakimiyyəti ABŞ-dən çəkindiyi üçün İsrailə zərbə endirmir".