Hakimiyyətin dəyişdirilməsi ilə əlaqəli xəbərlər təbii ki, orduda və xalqda çaşqınlıq yaratmaq məqsədi daşıyır
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumat müzakirələrə yol açıb. Rus kəşfiyyatı iddia edib ki, ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu Prezident Volodimir Zelenskinin yerinə hazırlayır. Qeyd olunub ki, ABŞ administrasiyası QHT-lərə Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıb. Deyilənə görə, bu məsələ Ukraynanın aparıcı müxalifət partiyaları olan Timoşenkonun "Vətən" və Avropa Həmrəyliyi partiyalarının liderləri, həmçinin hakim Xalqın qulluqçusu partiyasından olan Ali Radanın bir sıra nüfuzlu deputatları ilə müzakirə olunur. Məlumata əsasən, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək. Avakov özü sözügedən iddialara münasibət bildirib. O, Rusiya tərəfinin Kurskdakı uğursuzluq fonunda belə məlumat yayaraq diqqəti yayındırmağa çalışdığını deyib: “Cəsur rus kəşfiyyatının Ukraynanın Kursk vilayətindəki əməliyyatlarından qaçarkən nə etdiyi indi məlum oldu. Moskva “informasiya bombası” hazırlayır. Onlar Ukrayna cəmiyyətində bu məsələ ilə səs-küy yarada bilmədilər. Bizim qoşunlarımız isə artıq Kurskdadır. Biz cəbhədəki əsgərlərimizlə əlaqədəyik. Müzakirələr aparırıq. Rusiya isə axmaq hiylələrlə ortalığı qızışdırır”. Məlumat üçün deyək ki, Arsen Avakov 1964-cü ildə Bakı şəhərində doğulub və 1966-cı ildə ailəsi ilə birgə daimi olaraq Ukraynaya köçüb. 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində işləyib. Avakov 44 günlük Vətən müharibəsində separatçılar və Ermənistana dəstəyi ilə diqqət çəkmişdi. Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik bildirib ki, Volodimir Zelenskinin Arsen Avakovla əvəzlənməsi Ukraynaya heç nə verməyəcək, cinayətkarların əvəzlənməsi Ukrayna xalqının taleyini dəyişdirməyəcək. Onun sözlərinə görə, Avakov Zelenskidən əvvəl də müxtəlif rusofob bəyanatları və açıq-aşkar faşist ifadələri ilə məşhurlaşıb: “Bir hərbi cinayətkarı açıq-aşkar başqa bir quldurla əvəzləmək nə Ukraynaya, nə də Qərbə heç nə verməyəcək. Üçüncü variant isə yoxdur”. Rusiyalı politoloq Sergey Markov da deyib ki, Zelenski dəli olub və başa düşür ki, münaqişə bitdikdən sonra yüz minlərlə qurbana görə cavab verməli olacaq: "Ukrayna lideri ölkədə vəziyyətin daim pisləşməsi fonunda Rusiya ilə danışıqlara getmək istəmədiyinə görə ittihamlarla üzləşəcək. Harrisin seçki qərargahı seçkidən əvvəl - sentyabr və ya oktyabrda atəşkəs elan etmək imkanını müzakirə edir. Lakin Zelenski bunun əleyhinədir. O, yenidən seçilə və ya öldürülə bilər və Zelenski bunu başa düşür". Markov qeyd edib ki, ABŞ prezidentliyinə digər namizəd Donald Tramp Ukrayna münaqişəsini seçki kampaniyasının mərkəzi mövzusuna çevirib: "Baxmayaraq ki, respublikaçı həm də miqrasiya, iqtisadi artım və zəif infrastruktur problemlərini qaldırır. Amerikalıların böyük əksəriyyəti Rusiya ilə qlobal münaqişə nəticəsində ABŞ-nin nüvə toqquşması ilə üzləşəcəyindən və məhv olması risklərindən qorxur".
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, müharibənin gedişində dezinformasiya müharibəsi xüsusi rol oynayır. İndiki məqamda Ukraynanın Kurskda apardığı əməliyyat fonunda ölkə rəhbərliyinin dəyişdirilməsi ilə əlaqəli xəbərlər təbii ki, orduda və xalqda çaşqınlıq yaratmaq məqsədi daşıyır:
"Əslində, Avakov bir müddət öncə ABŞ tərəfindən ciddi tənqid və təzyiq altında idi. Hətta onun dəyişdirilməsi məsələsi gündəmdə idi. Onun Rusiyaya casusluqda belə adı hallanırdı. Bakı ermənisi olan Avakov Ukrayna dövlətinin daxili işlər naziri kimi bir çox ölkədaxili proseslərdə vacib fiqurdur. Onun idarəçilik metodları əslində, Ukraynada ciddi tənqid altında idi. Adı korrupsiyada belə hallanırdı. İndi belə bir fiqurun Ukrayna Prezidenti V.Zelenskinin yerinə gətirilməsi xəbərləri böyük ölçüdə ordunu demoralizə etmək məqsədi daşıyır. İkincisi də, ABŞ-nin Ukraynanın rəhbərliyinə kimisə gətirmək kimi bir hüququ və imkanı yoxdur. Zelenskinin prezidentlik müddəti bitsə də, hələlik o, konstitusiyaya görə müharibə vəziyyəti nəzərə alınaraq öz postundadır. Hesab edirəm ki, bu, müharibənin sonuna kimi də belə olacaq".