Putin ən amansız döyüş taktikasına əl atacaq

Rusiya əks-hücuma keçib, Ukrayna ordusunu mühasirəyə almaq istəyir


  ABŞ analitiklərinə görə, Ukrayna qoşunları Kursk vilayətində (Rusiya) iddia etdikləri ərazilərin hamısına nəzarət etmir. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Avqustun 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlayıb. Bununla belə, geolokasiya kadrları göstərir ki, Ukrayna qüvvələri Kursk vilayətinin 41 yaşayış məntəqəsi və ya yaxınlığında əməliyyat aparır. Amma ərazidə ISW-nin bu hesaba daxil etmədiyi kiçik yaşayış məntəqələri də var. Avqustun 12-də Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Kurskda 1000 kvadratkilometrdən çox ərazinin ələ keçirilməsi barədə Zelenskiyə məruzə etmişdi.

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

  Ukraynanın Batkivşina Partiyasından olan deputat Mixail Tsimbalyuk deyib ki, Kurskda keçirilən əməliyyat zamanı Ukrayna ordusu rusların mübadilə çərçivəsində tez bir zamanda geri qayıtmaq istəyəcəkləri “yağlı fiqurları” əsir götürüb. O bildirib ki, mübadilə fondunu təcili artırmaq lazımdır: "Bu əməliyyat göstərdi ki, xüsusilə çeçenlər – “Əhməd”in xüsusi təyinatlıları haqqında danışanlar sadəcə bu fondu dolduracaqlar, sonra ruslar onları dəyişmək təklifi ilə çıxış edəcəklər. Orada həqiqətən yalnız çağırışçılar deyil, hərbçilərin öz aralarında dediyi kimi, Rusiyanın mümkün qədər tez mübadilə etmək istəyəcəyi “yağlı fiqurlar” var”.

Kursk döyüşü: Sırski Zelenskini aldadıb?

  ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub ki, Ukrayna qüvvələri Kursk bölgəsində elan etdikləri qədər əraziyə nəzarət etmirlər: "Avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini elan etmişdi (Ukrayna ordusunun baş komandanı Sırski Zelenskiyə məruzəsində bu rəqəmi səsləndirmişdi – red.). Lakin geolokasiya ilə bağlı videolar göstərir ki, avqustun 13-nə Ukrayna qüvvələri Kursk vilayətinin təxminən 41 yaşayış məntəqəsində və ya yaxınlığında əməliyyat aparır. Baxmayaraq ki, ərazidə son dərəcə kiçik yaşayış məntəqələri çoxdur”.

Sürpriz həmlə Rusiyanın planını pozdu - Ukraynadan çıxırlar

  “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla yazıb ki, Rusiya Ukrayna qoşunlarının Kursk vilayətinə hücumuna cavab olaraq qüvvələrinin bir hissəsini Ukraynadan çıxarır. Qeyd olunub ki, bu addım Ukrayna hərbçilərinin Kurskda reydinin Rusiya qüvvələrinin məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir: "ABŞ hələ də Rusiyanın bu addımının önəmini müəyyənləşdirməyə çalışır və Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun yeritdiyini dəqiqləşdirə bilməyib. Bu açıqlama Kiyevin Kurskda sürpriz əməliyyatın Rusiya qoşunlarını Ukraynadan yayındırması barədə dediklərini təsdiqləyir. Eyni zamanda “Politico” xəbər verir ki, Kurskun işğalına cavab olaraq vilayətdə nisbətən az sayda Rusiya bölmələri yerləşdirilib. Amerika rəsmiləri nəşrə söyləyiblər ki, Rusiyanın Ukraynadan nə qədər qoşun çıxarması hələ də bəlli deyil".

Ukraynanın Kurska girməsi çox ciddi strateji səhvdir

  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. Görüşdə terrorla mübarizə məsələləri müzakirə olunub. İclasda FTX-nin direktoru Aleksandr Bortnikov məruzə ilə çıxış edib:

 "A.Bortnikov detalı çox vacibdir. Belə ki, Bortnikov ötən yay “Vaqner”in yaradıcısı Yevgeni Priqojinlə danışıqlarda iştirak edib, ona zəmanət vermişdi. Yəni “Vaqner” qiyamının yatırılmasında aparıcı şəxs məhz o idi. Bundan başqa, Bortnikov hazırda Putinin ən güvəndiyi adamdır. Putin yenidən prezident seçildikdən sonra açıq şəkildə FTX direktorunu Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etdiyinə görə tərifləyib. İndi isə Putin Ukrayna ordusunun Kursk bölgəsini ələ keçirməsindən sonra FTX rəhbəri Aleksandr Bortnikovu antiterror əməliyyatının komandiri təyin etdi. Bortnikovun təyinatı Putinin hərbi komandanlığın Kurskdakı vəziyyəti idarəetmə tərzindən narazı olduğunu göstərir. Bundan başqa, Putin yaranmış duruma görə bərk əsəbidir. Təsadüfi deyil ki, Rusiya Zaporojye vilayətindən bəzi qoşun hissələrini şimala köçürür. Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda Kurskdakı işğalın sonlanması və Ukraynaya sərt cavab zərbəsi təlimatını verib. Ehtimal etmək olar ki, Rusiya əks-hücuma keçib, Ukrayna ordusunu mühasirəyə almaq istəyir. Bunun üçün isə məşhur “atəş kisəsi” (огневой мешок) döyüş taktikasından istifadəyə hazırlaşır. İki və ya üç tərəfdən kütləvi atəş hücumu həyata keçirməyi nəzərdə tutan bu plan tarixin ən amansız döyüş taktikalarından sayılır. Məlumat üçün deyim ki, sözügedən taktika ilk dəfə İkinci Dünya müharibəsində elə Kursk istiqamətindəki döyüşlərdə tətbiq olunub.
Ümumiyyətlə, Ukraynanın Kurska girməsi çox ciddi strateji səhvdir. Kiyev bununla işğalçı Rusiya ilə eyni statusa malik oldu. Kremlin bundan sonra atacağı bütün sərt addımlara həm də Kiyev zəmin yaratmış oldu. Daha bir vacib məqam budur ki, Rusiyanın taktiki nüvə silahından istifadə üçün artıq “əsası” var".