Kiyevin Kursk bölgəsinə hücumundan sonra Rusiya düşməni tam məğlub edənə qədər Ukrayna ilə heç bir danışıqlar aparmayacaq. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz yerinə düşdü. Vasitəçilərin gözəl dünya mövzusunda boş söhbətlərinə son qoyuldu. İndi hər kəs hər şeyi başa düşür, hətta ucadan deməsələr də. Onlar başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər daha danışıqlar aparılmayacaq”, - Medvedyev bildirib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov söyləyib ki, Medvedyevin açıqlaması insanda gülüş meydana gətirir:
“Sual yaranır ki, Ukraynanın bir çox şəhərlərini yerlə bir edən, insanların ölümünə səbəb olan Rusiyanın bu fəaliyyətləri sırasında hər şey öz yerinə düşmədiyi halda, indi Ukraynanın Kursk şəhərinə hücum etməsindən sonra hər şey öz yerini necə tapdı? Yəni Medvedyevin açıqlaması ikili standartlara nümunədir. Əgər Rusiya Ukraynaya hücum edərək onların torpaqlarını ələ keçirməyi və insanlarını öldürməyi özünün legitim haqqı hesab edirsə, deməli, Kiyevin də rəsmi Moskvaya qarşı eyni addımı atmaq hüququ var. Ona görə də Kurska hücum olunduğuna görə sülh müqaviləsini imzalamırıq kimi açıqlamalar Medvedyevin siyasi cəhətdən savadsızlığını göstərir. Yaxşı olardı ki, Medvedyev çalışdığı qurumun və rəhbəri olduğu ölkənin ziyanına ifadələr işlətməsin”.