Azər Allahverənov: Rusiya hökuməti miqrasiya siyasəti ilə bağlı sərt yanaşma sərgiləyir

Rusiya miqrantlarla bağlı indiyə qədər görünməmiş qərar hazırlayır.
Azpost.info bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Volodin gözlənilən məqamları açıqlayıb.
Volodinin sözlərinə görə, deputatlar vətəndaşların rəyi əsasında mövcud problemlərin həlli üçün bir sıra qanunvericilik təşəbbüsləri irəli sürüblər. Bu təkliflərin bəziləri miqrasiya siyasətinə aiddir.
Hazırda bu mövzuda 28 qanun layihəsi nəzərdən keçirilir, onlardan altısı avqustda təqdim edilib. Deputatların müzakirə edəcəyi təşəbbüslər arasında aşağıdakılar var:
– Aşağı ixtisaslı əmək miqrantları üçün ailə və qohumlarının ölkəyə gətirilməsinin qadağan edilməsi;
– Rusiyaya daxil olarkən xarici vətəndaşların barmaq izinin məcburi qeydiyyatı;
– əcnəbilərin tibb və təhsil kimi müəyyən sahələrdə işləmək hüquqlarının məhdudlaşdırılması;
– Miqrantlar üçün onların deportasiya xərclərini ödəyəcək rüsumun tətbiqi;
– Müəyyən sektorlarda, o cümlədən tibb və təhsildə miqrantların işə götürülməsinə federal qadağa;
– Şirkətlərdə əcnəbi işçilərin payının işçilərin ümumi sayının 5%-i ilə məhdudlaşdırılması;
– Patent sistemindən imtina və aşağı ixtisaslı mütəxəssislərin ölkədə olma müddətinin əmək müqaviləsi ilə məhdudlaşdırılması.
Bundan başqa, digər təşəbbüslər də nəzərdən keçirilir.
Vyaçeslav Volodinin qeyd etdiyi kimi, təklif olunan bütün tədbirlər Dövlət Dumasının siyasi fraksiyalarının nümayəndələri tərəfindən artıq dəstək alıb.
O da məlum olub ki, hökumət Rusiyada müvəqqəti yaşamaq icazəsi (TRP) almaq üçün əcnəbilərin istifadə etdikləri uydurma nikahlarla mübarizəyə yönəlmiş qanun layihəsinə düzəlişlər hazırlayıb. Qanunvericilik fəaliyyəti üzrə Hökumət Komissiyası Daxili İşlər Nazirliyinin təklif etdiyi dəyişiklik layihəsini təsdiqləyib.
Bu barədə “Vedomosti” komissiyanın iclasının yekunu üzrə qəbul edilmiş qərarlardan xəbərdar olan mənbəyə istinadən xəbər verir.
Təklif olunan dəyişikliklər layihəsinə əsasən, ərizə verənədək ən azı iki il ölkədə daimi yaşayan Rusiya vətəndaşı ilə evli olan əcnəbiyə kvota nəzərə alınmadan müvəqqəti yaşama icazəsi verilə bilər. Rusiya vətəndaşı olan həyat yoldaşının yaşadığı eyni bölgədə Rusiya vətəndaşı ilə nikahda uşaq doğulub və ya övladlığa götürülübsə, müvəqqəti yaşayış icazəsi də verilə bilər.
Bundan əvvəl ölkənin bəzi regionlarında tez-tez baş verən etnik münaqişələrin qarşısını almaq üçün rus məktəblərində miqrant uşaqların sayının məhdudlaşdırılması təklifi barədə məlumat verilmişdi. Təşəbbüs deputatlar Yana Lantratova və Sergey Mironovdandır.
Miqrantların bir çox uşaqları sosial-mədəni uyğunlaşmada və rus dilini öyrənməkdə çətinlik çəkirlər. Bu da etnik qrupların və münaqişələrin yaranmasına kömək edir. Üstəlik, bütün məktəblilər öyrənməyə maraq göstərmir, öz mədəni ənənələrinə sadiq qalmağa üstünlük verirlər.
Mərkəzi Rusiyanın bəzi məktəblərində miqrant uşaqların sayı 50%-ə çata bilər ki, bu da təhsil prosesinə mənfi təsir göstərir. Parlamentarilər hesab edirlər ki, miqrant uşaqların müxtəlif təhsil müəssisələri arasında bərabər paylanması onların inteqrasiyasını sadələşdirməyə, rus mədəniyyətinin assimilyasiyasını yaxşılaşdırmağa və məktəblilər arasında aqressiv etnik qrupların formalaşmasının qarşısını almağa kömək edəcək.
Problemin həlli təklif olunub: hər sinifdə miqrant uşaqların sayına məhdudiyyət qoyulsun. Bir sinifdəki şagirdlərin 10%-dən çoxunun miqrant ola bilməyəcəyini müəyyən etmək planlaşdırılır. Bu təklif artıq baxılması üçün baş nazirin müavini Dmitri Çernışenkoya göndərilib.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a açıqlamasında deyib ki,  bu gün Rusiya hökuməti miqrasiya siyasəti ilə bağlı sərt yanaşma sərgiləməkdədir:

“Mart ayında Crocus City-də baş verən terror hadisəsindən sonra miqrantlarla bağlı xüsusi nəzarət siyasəti qurulmağa başlayıb. Hətta qanunvericilikdə də  bir sıra dəyişikliyə təşəbbüs etdilər. Əsas məqsəd isə Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin bunu qanuni şəkildə həyata keçirməsi və maksimum Rusiya iqtisadiyyatı üçün faydalı olmasıdır. Qanunvericilikdə edilən dəyişikliklərdə əsasən yalnız Rusiya iqtisadiyyatına xeyir gətirə biləcək miqrantların axınının idarə olunmasına səbəb olan siyasətin yürüdülməsi nəzərdə tutulur. Həmçinin yeni qaqnunda ailə üzvlərinin aparılmasına dair qadağaların qoyulması, əmək pasiyentlərinin verilməsi, vətəndaşlıq məsələləri ilə bağlı müəyyən yeniliklərin tətbiq edilməsi və bu kimi digər məsələlər nəzərdə tutulub".

A.Allahverənov vurğuladı ki, Rusiya hökuməti çalışır ki, miqrasiya prosesləri üzərində dövlət nəzarətini daha sərt və effektiv şəkildə qurmağa nail olsunlar:
"Elektron resurslar üzərindən bu prosesin idarə olunması, müxtəlif yeniliklərin tətbiq edilməsi, vahid reyestr sisteminin işə salınması, miqrantların və miqrantlara iş verən qurumların reyestrə daxil edilməsi kimi məsələlər də bundan qaynaqlanır. Bir sözlə bu ümumi siyasətdir və dövlətin mövqeyləri açıqdır. Yeni qanun eyni zamanda Azərbaycandan olan miqrantlara da toxunur. Yaxınlarda Rusiyanın tədricxanasında qiyam baş vermişdi. Bu qiyamda miqrantlar da iştirak etmişdi. Həmin o qiyam zamanı təcridxanada çalışan əməkdaşların həbsə alınması və digər məsələlərdə də miqrantlar kifayət qədər fəallıq nümayiş etdirmişdilər. Bu səbəbdəndə Rusiya hökuməti miqrantlarla bağlı daha sərt siyasət yürüdür. İstənilən icazənin verilməsi üçün əsaslara ciddi şəkildə diqqət göstərilir. Düşünürəm ki, Rusiyanın bu addımlarından sonra ölkə ərazisində olan, qeyri-qanuni yaşayan və həmçinin qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan insanların sayının azalmasına və miqrasiya axınları üzərində dövlət nəzarətinin daha sərt, dəqiq şəkildə qurulmasına hesablanmış siyasətin həyata keçirilməsinin şahidi olacayıqq. Ümumiyyətlə Dövlət Dumasında ayrı-ayrı siyasi partiyalar, fraksiyalar müxtəlif təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər müəyyən hallarda bir qədər sərt də görsənir. Lakin burada hökumətin mövqeyi ondan ibarətdir ki, Rusiya ərazisində məskunlaşan miqrantların bu cəmiyyət üçün faydalı olması prinsipinim tam şəkildə təmin olunmasına xidmət etsin. Ölkə ərazisində olan miqrantlar ictimai asayiş, təhlükəsizlik, dövlət və milli maraqlara görə hər hansı problemə səbəb olmasınlar. Təbii ki, bu miqrant qrupları arasında müəyyən narazıçılığa səbəb olur. Narazılıq nə qədər olsa da, hökumət öz maraqları ilə çıxış edir. Uzunmüddətli və ya müəyyən müddətli yaşamaqla bağlı icazəsi olan şəxslər ölkə ərazisində qalmaq istəyirlərsə, istənilən qanun və qaydalara uyğun davranmalıdırlar. Belə olduğu halda hökumət strukturları və dövlət qurumları ilə bağlı heç bir problem yaşanmaz və yerli icma tərəfindən bu kimi davranışları müsbət qarşılanar”.