Çində baş verən hadisə dünya miqyasında təpki ilə qarşılanıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Quiyang şəhərindən Şanxaya uçan təyyarədə baş verib. Sərnişinlər arasından iki qadın təyyarə salonunda ağlayan uşağı nənəsindən ayıraraq təyyarənin ayaqyoluna aparıb və qapını arxadan bağlayaraq uşağı içəridə saxlayıblar. Bunu əks etdirən videonun sosial şəbəkədə paylaşılması isə kəskin təpkilərə yol açıb. Xəbər yayıldıqdan sonra aviaşirkət açıqlama verərək uşağın ayaqyoluna nənəsinin icazəsi ilə aparıldığını bildirib. Uçuş həyata keçirən Juneyao Hava Yolları hadisəni təsdiqləyib və bunun nənənin icazəsi ilə baş verdiyini və uşağın "məşq" üçün tualetə aparıldığını deyib. Video "TikTok"un Çin versiyası olan "Douyin"ə yüklənib və sosial mediada yayılıb. Videoda uşağın ağlaması və kilidli tualet qapısından çıxmağa çalışdığı, qadınlardan birinin isə “ağlamağı dayandırsan çölə çıxa bilərsən”, “ağlamağı dayandırsan, xala səni nənənin yanına aparacaq”, dediyi görünür. Hadisə zamanı nənənin də tualetin qapısının kənarında gözlədiyi bildirilib. Etdiyi hərəkətə bəraət qazandırmağa çalışan qadınlardan biri “bir çox sərnişin qulaqlarını dəsmalla qapamışdı. Bəziləri isə səs-küydən xilas olmaq üçün təyyarənin arxasına keçmişdi. Mən sadəcə tamaşaçı olmaq əvəzinə hərəkətə keçməyi seçdim", deyib. Lakin o, sərt reaksiyalardan sonra videonu silib. Görüntülərdən sonra sosial media istifadəçilərindən yüzlərlə reaksiya gəlib. İstifadəçilərdən biri yazıb ki, nənə və iki qadın məhkəməyə verilməli və sosial xidmətlər hadisəni araşdırmalıdır. Başqa bir istifadəçi isə “Bu insanlar nə vaxt anlayacaqlar ki, körpələrin ağlamaq və səyahət etmək hüququ var, onlar cəmiyyətin bir parçasıdır”, qeyd edib.