Tramp bir dəfə prezident olub və təcrübə qazanıb, eyni zamanda İsrail üçün vacib kadrdır
Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında gərgin seçki mübarizəsi gedir.
İlk debatlarına hazırlaşan rəqiblər təşviqat kampaniyalarını iqtisadiyyatla bağlı aparır. Seçkiyə iki ay vaxt qalıb və rəy sorğuları nəticələri iki namizədə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir.
Donald Tramp və rəqibi Kamala Harris seçki kampaniyasının son həftələrində demək olar ki, bərabər səsə sahibdirlər.
"New York Times" və Siena Kollecinin keçirdiyi milli sorğuya görə,
hər iki namizəd noyabrın 5-də keçiriləcək seçkidə qalib gələ bilər.
"Amerikanın səsi" isə yazıb ki, iyulda hazırkı Prezident Co Baydenin yarışı tərk etməsindən sonra Trampın kampaniyası həftələr ərzində yavaşlasa da, son sorğular onun əsas dəstəyinin toxunulmaz qaldığını göstərir.
Sorğuya əsasən məlum olur ki, seçicilər Harris haqqında daha çox məlumat əldə etmək ehtiyacı hiss edirlər, halbuki onların Tramp haqqında fikirləri əsasən müəyyənləşib. Sorğuda seçicilərin 28 faizi Demokrat namizəd haqqında daha çox məlumat istədiklərini, yalnız 9 faizi isə Tramp haqqında eyni fikirdə olduğunu bildirib. Səsvermə göstərir ki, çərşənbə axşamı keçiriləcək prezidentlik debatı yarışda həlledici məqam ola bilər.
Şübhəsiz ki, qarşıdan gələn seçkilərdə ABŞ-də kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Hər iki halda siyasətçi yerli ictimaiyyətə yaxşı tanışdır. Üstəgəl, onların xarici siyasət kursları da beynəlxalq ictimaiyyət üçün sirli deyil. Məlumdur ki, D.Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiya, İran və Çinə qarşı daha loyal davranacaq. K.Harris isə, yəqin ki, təxminən C.Baydenin siyasətini davam etdirəcək. Amma bu, onların özlərinin deyil, Respublikaçıların və Demokratların xarici siyasət kursu kimi qiymətləndirilməlidir.
Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər.
Siyasi şərhçilər isə hesab edir ki, seçkilərdə Demokratların, yaxud Respublikaçıların qalib gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasət kursu artıq “daşlaşıb”. Ölkədə xarici siyasət kursunu müəyyənləşdirən konkret güclər var. Prezidentlər isə sadəcə mövcud məzmuna forma verirlər.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfanın “Sherg.az"a açıqlamasına görə, həmişə olduğu kimi ABŞ-də yenə qızğın seçki təbliğatı gedir:
“Dünyanın gözü bu supergücün başına keçəcək şəxsin kimliyinə zillənib. Mən İranda keçirilən seçki haqda da demişdim: xalqın rəyi əhəmiyyətli rol oynamır. Bir dönəm mühafizəkar prezident olur, radikal proyektlər həyata keçirir, sonra aranı sakitləşdirib narazı kütləni bir müddət aldatmaq üçün guya sülhsevər islahatçı prezident gəlir... ABŞ-də keçirilən seçkilər sadəcə görüntü, əhalinin rəyini monitorinq etmək üçündür. Dərin dövlət, yəhudi lobbisi, milyarderlər qərarlaşdırır kimin namizəd və prezident olmasını. Demokratiya Şərqi istismar etmək üçün ABŞ-nin tilovudur. Demokratiya özlərinə lazım deyil, müsəlman ölkələrinin rəhbərlərini öz maraqlarına uyğun dəyişmək üçün lazımdır”.
T.İrfanın sözlərinə görə, hazırda yəhudi lobbisi və böyük təsir gücünə malik olan dairələr Donald Trampın prezident olmasını istəyir. Əsasən də İsrail üçün əhəmiyyətli tərəfdaşlığın daha da dərinləşməsi üçün bu şəxs onlar üçün daha önəmlidir:
“Cozef Bayden məlumdur ki, demokratlar düşərgəsini təmsil edirdi. Demək, növbəti dönəm yenə ənənəvi olaraq respublikaçı namizəd prezident olacaq. Yaxud fövqəladə fikir dəyişikliyi olsa da belə, demokrat namizədin növbəti dəfə prezident olmaq şansı çox azdır. Çünki aparıcı fikir öncülləri təkcə ABŞ-nin idarəçiliyini deyil, dünyanın idarəçiliyini nəzərdə tutub prezident seçirlər. Donald Tramp bir dəfə prezident olub və təcrübə qazanıb, eyni zamanda İsrail üçün vacib kadrdır. Məlum HƏMAS-İsrail savaşının həll olunmasına dair də verdiyi sözlər var. Bir sözlə, İsrail ona daha asan təsir edə bilir. Lakin eyni zamanda onun dünya üçün əhəmiyyətli, cəsarətli və mühüm addımlar atmaq səriştəsi də var. Prezident olduğu dönəmdə Şimali Koreya lideri ilə görüşməsi, münasibətləri normallaşdırmaq cəhdləri, eyni zamanda Türkiyə ilə diqqətli və səliqəli siyasət aparması nəzərdən qaçmamalıdır. Harrisin Tramp qədər şansının yüksək olmasını düşünmürəm.
Trampın yenidən prezident olması hətta Fələstinin dövlət kimi tanınmasına da gətirib çıxara bilər. Çünki ani və bəzən də gözlənilməz qərarları ilə gündəmə gələn Tramp mümkündür ki, indiki seçki prosesində yəhudi lobbisinin dəstəyini qazanmaq üçün vədlər versin, ancaq reallığı gözəl anlayır və bilir ki, hakimiyyətə gəldikdən sonra İsrail-HƏMAS məsələsində qənaətbəxş addımlar atmasa müsəlman, ərəb dövlətləri ilə ABŞ-nin münasibətləri soyuqlaşa, hətta gərginləşə bilər. Hər bir halda onun Baydendən fərqli yön seçməsi gözlənilir.
Rusiya-Ukrayna savaşında da müəyyən sabitləşmə və həll yolu mümkün görünür əgər Tramp gələrsə. Çünki onun Rusiyaya baxışı da fərqlidir. Əks halda həm Fələstin məsələsinin, həm də Ukrayna müharibəsinin uzanacağını demək olar. Demokratların namizədi Kamala Harrisin Baydenin siyasətini davam etdirməsi şübhəsizdir və əgər o seçilərsə, ABŞ dünya siyasətində hazırkı mövqeyini qoruyacaq”.