“Hadisəni törədən, peşəkar və planlı qatil deyil”
“Türkiyəni silkələyən, xeyli yaxın uzaq ölkələrdə də ictimai sarsıntı yaradan, Diyarbəkirdən itkin düşən 9 yaşlı Narin Güran adlı qızcığazın artıq 19 gün sonra cəsədi tapılıb, çox təəssüf. Meyit çaykənarı dərədə, çuval içində, üstü ağac, daş qalaqları ilə örtülü vəziyyətdə müəyyən edilib”.
Bu sözləri “Sherg.az"a açıqlamasında kriminalist-ekspert İlqar Altay deyib.
Kriminaliast qeyd edib ki, 19 gün ərzində, Türkiyə Cümhurbaşqanının da xüsusi nəzarətində olan bu faciəli işlə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları çox böyük miqyaslı istintaq-əməliyyat axtarış tədbirlərini aparıblar:
“12 min avtomobil, 32 min şəxs, həm minlərlə ev yoxlanılıb, 130 vətəndaş dindirilib, xüsusi təlimli itlərlə 1100 hektar sahəyə baxış keçirilib, 23 nəfər qonşu, qohumu həbs edilib. Hazırda aşkar edilmiş meyitin cəsədi, geyimi, digər dəlil-sübut əhəmiyyətli faktlar üzərində ekspertizalar aparılır. Narinin meyiti üzərində 13 (!) nəfər ekspert mütəxəssis işləyib. Ölüm səbəbi, xəsarətlər, cinsi təcavüzə ehtimallı bir sıra hallar müayinə olunub cavab tapılmalıdır. Hələlik, hadisənin motivi, törənmə mexanizmi və digər təsisatlar barəsində dəqiq, ciddi fikir söyləmək olmaz. Ancaq təxmini onu deyim ki, hadisə Narinin yaşadığı yer ətrafında xəstə tipli gənc, ya orta yaşlı şəxsin, uşağın tanıdığı qonşu, ya qohumun əməli ola bilər. Əməli törədənin də, ola bilsin ki, yaxınları, böyükləri izi itirmək və meyiti gizlətməkdə ona yardım etsinlər. Meyiti tam basdırıb itirməmək, uzağa aparıb yox etməmək onu göstərir ki, bu hadisəni törədən, peşəkar və planlı qatil deyil”.