Fransanın xarici siyasəti dünyanın müxtəlif regionlarında müstəmləkə altına saldığı xalqları assimilyasiya etmək, dilini, mədəniyyətini, adət-ənənələrini aradan qaldırmaqla onlara fransız mədəniyyətini aşılamaq, daim öz orbitində saxlamaqdan ibarət olmuşdur.
Yerli-köklü xalqların həyat tərzində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müstəmləkəçilik dövrünün fəsadları, problemləri yaşanmaqdadır. Fransızların müstəmləkəsi olmuş Yeni Kaledoniyada yerli-köklü (aborigen) əhalinin sıxışdırılması baş vermişdir. Hələ də belə ölkələrə Fransanın tərkib hissəsi kimi baxılır. Onlar Fransa parlamentinə də nümayəndələr seçirlər. Belə ərazilər içərisində Martinikdə əsas yerlərdən biridir. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətləri hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, Fransa müasir dövrdə müstəmləkəçilik siyasəti həyata keçirən dövlət olaraq tanınır:
“Çox təəssüf ki, belə bir ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvüdür. Eyni zamanda dünyada insan hüquq və azadlıqlarının qorunmasına xidmət göstərən Avropa İnsan Hüquqları Məhkəməsimin Fransanın Strasburq şəhərində yerləşməsimə baxmayaraq rəsmi Paris Karip dənizi, Sakit okean və Afrikada müstəmləkə siyasəti həyata keçirdən ölkələrdən biri olaraq qalmaqda davam edir. Təbii ki, müstəmləkə siyasətini həyata keçirən dövlətlər əsarətinə aldığı ərazilərdə öz idarəçiliyini gücləndirmək üçün ən sərt addımları atırlar. Digər tərəfdən həmin xalqların milli hüquqlarının, dilinin və mədəniyyətinin əllərindən alınmasına çalışırlar. BMT TŞ-nin üzvü olan dövlət üçün sözügedən hadisələr utancvericidir. Həmçinin Fransa müstəmləkəçilik siyasətini Martinikdə də həyata keçirir. Azərbaycan isə bu gün müstəmləkədən əziyyət çəkən xalqlara dəstək göstərən nümunəvi dövlətdir. Düşünürəm ki, bunun uğurlu nəticəsi olacaq və yatmış BMT TŞ-i oyanacaq. Digər dövlətlərində sözügedən məsələ ilə bağlı yatmış vicdanlarının oyanmasını arzu edərdim”.