Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər.
İctimai fəallar “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 10-cu maddəsinin ikinci hissəsinə dəyişiklik etməyi təklif ediblər.
Beləliklə, qanun qəbul olunacağı təqdirdə dövlət bir neçə ölkənin vətəndaşlığını daşıyanların pasportunu əlindən ala biləcək. Dövlət Dumasının tezliklə məsələyə baxacağı bildirilib.
Məsələ ilə bağlı danışan Azərbaycan Milli Məclisinin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a deyib ki, Rusiyanın mediasına nəzər saldıqda bəzi ziddiyyətli fikirlər olduğunu görürük:
''Məsələn, bizim KİV-də ikili vətandaşlıqla bağlı məlumatlar yayılıb. Amma bəzi dövlət dumasında yüksək vəzifə tutan deputatlar bundan bixəbər olduqlarını söyləyirlər. Ancaq xəbər KİV-də yayılıbsa, çox ehtimal, belə bir qanun layihəsi həqiqətən mövcuddur. Rusiya höküməti miqrasiya sahəsində nizam-intizam yaratmaq fikrindədir. Bununla onlar ikili vətəndaşlığı olan şəxslərin sui-istifadə halllarının qarşısını almaq istəyirlər. Ümumiyyətlə vətəndaşlıq haqda Rusiyanın hüquq mühafizə orqanları və digər adiyatı strukturlar tərəfindən fərqli məlumatlar tirajlanır. Bu da onu göstərir ki, Rusiyanın iclaslarında ikili vətəndaşlıq barədə mövqe birmənalı deyil. Xüsusilə bu nüans Rusiya Ukrayna müharibəsindən sonra daha gözəçarpacaq dərəcədə baş verdi. Ən azından Rusiyanın biznes sturukturlarında mədəniyyət, şou-biznes və digər sahələrdə çalışan şəxslər başqa ölkənin vətəndaşlığından istifadə edərək xarici dövlətdə məskunlaşırdılar. Bu da əlavə suallar yaradır. Çünki həmin adamların Rusiya qarşısında hansısa öhdəlikləri var. Lakin xarici vətəndaş olaraq öhdəliklərini yerinə yetirməkdən rahatlıqla boyun qaçırırlar. Boyük ehtimal, belə fikirin formalaşması da məhz, bundan qaynaqlanır. Tutaq ki, biri Rusiya ilə yanaşı, başqa ölkənin də vətəndaşıdır. Bu fakt aşkarlandıqda həmin adamın Rusiya vətəndaşlığı dayandırılacaq. Təbii ki, qanun layihəsi təsdiq olunduqdan sonra nəticələri daha ətraflı analiz edə bilərik".