Analitik: Qərbin Ukraynaya verdiyi silah-sursat müqavimət xarakterlidir

Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları çoxsaylı hərbi yeniliklər fonunda sürətlə köhnəlir. Bu barədə “Atlantik” məlumat yayıb. Məlumatda bildirilir ki, HİMARS cəmi bir il əvvəl döyüş meydanında ən populyar sistem idi. İndi Rusiyanın elektron müharibə sistemlərinin təkmilləşdirilməsi səbəbindən onun müvəffəqiyyət nisbəti 10% -dən azdır. Ukrayna ordusu gileylənir ki, onların hazırladıqları hər hansı yenilik həftələr ərzində Rusiyanın müqaviməti ilə qarşılaşır. 

Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Ukrayna texnika və bir çox cəhətdən Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb ölkələrində asılı haldadır:

“ABŞ və Qərbin Ukraynaya verdiyi silah-sursat müqavimət xarakterlidir. Texnikaların köhnələn olması da gözləniləndir. Şübhəsiz ki, Rusiya Ukraynanın əsas silahı hesab olunan texnikalarına qarşı qabaqlayıcı tədbirlər ortaya qoyub. Məsələn, HIMARS raketləri bir vaxtlar Ukraynanın əlində güclü silah idi. Rusiya da buna qarşı adekvat cavab tədbirləri görüb və nəticə etibarilə həmin raketin effektliyi aşağı düşüb. Ukrayna ABŞ və Qərbdən çoxlu texnika əldə edə bilər. Lakin bunların effektivliyi sual altındadır. Çünki praktik cəhətdən ABŞ Ukraynanın qalib gəlməsini istəmir. ABŞ-ni sadəcə olaraq maraqlandıran müharibənin davam etməsidir. Savaş davam etdikcə ABŞ və onun müttəfiqləri Şərqi Avropa regionunda təsir imkanlarını artırır və silah bizneslərini qururlar. Eyni zamanda Rusiyanın gücü zəifləyir”.