Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərə yollanıb. Bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb. O, Fransaya üçgünlük səfəri çərçivəsində ölkə Prezidenti Emmanuel Makronla görüş keçirəcək, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcək.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Nikol Paşinyan səfərə Frankofoniyaya sammitində iştirak etməyi səbəb göstərsə də, o, Fransa prezidenti Emmanuel Makron və Baş nazir Mişel Barnier ilə də görüşəcək:
“Yəni səfərin məqsədi hansısa sammitdə iştirak etmək və ikitərəfli münasibətləri müzakirə etmək məqsədi daşımır. Səfər çərçivəsində pərdəarxası məsələlər masaya yatırılacaq. Bu səfər iki kontekstə diqqət çəkir. Birincisi Fransa və Ermənistan arasında müəyyən soyuqluq müşahidə olunurdu. Makron Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı çox ritorik səviyyədə bildirdi ki, Ermənistanın daim yanındayıq. Əslində isə iki ölkə arasında müəyyən problemlər mövcud idi. Makron isə BMT də çıxışı ilə Ermənistanı müdafiə etməklə yenidən yanına çəkirdi. Birləşmiş Millətlər Təşkilatında Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş də Fransanın maraqında deyildi. Yəni səfər Fransa və İrəvan arasında yaranan problemlərin həlli məqsədi daşıya bilər”.
Ekspert qeyd edib ki, səfər zamanı həmçinin regional məsələlər də gündəm mövzusu olacaq:
“Bura Bakı və İrəvan arasındakı sülh və Ermənistanın silahlandırılması daxildir. Nikol Paşinyan sülh istəyir və buna görə də Avropa ölkələrindən dəstək almaq niyyəti güdür. Digər tərəfdən Fransa Ermənistanı silahlandırmaqla məşğuldur. Eyni zamanda müxtəlif ölkələrdən Ermənistana silah tədarükünün kökündə də Fransa lobbisi dayanır. Amerika və Almaniya istehsalı olan silahlar da məhz Fransa üzərindən Ermənistana çatdırılır. Amma həmin silahların hansı marşrut üzərində çatdırılması hələ də problemlidir. Əsas yol olaraq Paris-Afina-Tbilisi-İrəvan marşrutu var. Amam Gürcüstan Azərbaycan və Türkiyə münasibətləri kontekstində bundan imtina edir. Ona görə də onlar silahları Hindistana daha sonra İran və Ermənistana daşıyırlar. Regionda gərginliyin bu həddə çatması da həmin marşrutun işləməsinə əngəl törədir. Paşinyan çox güman səfər çərçivəsində silahların hansı marşrut üzərindən daşınmasını danışacaq”.