Paşinyanın Rusiya səfəri: Bu, əlaqələrdəki buzları əritməyəcək -ANALİZ

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. Baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib. Ermənistan Baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də vurğulayıb. O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib. 
Eyni zamanda oktyabr;n 7-də Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Paşinyan sabah Moskvada MDB dövlət başçılarının növbəti iclasında iştirak edəcək.

Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Nikol Paşinyanın ad günü münasibətilə Vladimir Putini təbrik etməsi Rusiya-Ermənistan əlaqələrinin istiləşməsi anlamına gəlmir:

“Bu il V.Putin prezident seçiləndən sonra da Ermənistan baş naziri onu təbrik etmişdi. Lakin bu, əlaqələrdəki buzları əritməyəcək. Rusiya-Ermənistan münasibətlərindəki soyuqluq isə 2020-ci ilin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra daha aydın şəkildə görünməyə başladı. Azərbaycanla-Ermənistan arasında 2021-2023-cü illərdə baş verən növbəti qarşıdurmalarda da İrəvan Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini iddiham etməyə başladı. Bu fikir ayrılıqlar isə hətta Ermənistanın KTMT təlimlərindən uzaqlaşmasına və onun rəqibi ABŞ-la birgə öz ərazisində 2 ildir təlimlər keçirməsi ilə nəticələndi. Bundan əlavə, Ermənistanda Avropa İttifaqının missiyasi yerləşdi, ordusuna isə amerikalı müşavir təyin edildi. Qərb ölkələrini təmsil edən fondlardan bu ölkəyə müxtəlif adlarla maliyyə yardımı edildi, silah satışı həyata keçirildi. Lakin istənilən halda Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və onun Türkiyə, İranla sərhədlərini rus sərhədçiləri qoruyur. Ermənistan Rusiyanın söz sahibi olduğu Avropa İqtisadi Birliyinin və KTMT-nin də üzvüdür. Həmçinin Rusiya-Ermənistan münasibətləri həm Ermənistanın xarici siyasəti, həm də Rusiyanın Cənubi Qafqazdakı regional strategiyası üçün əsas rol oynayır. Ermənistanın anti-Rusiya ritorikasına baxmayaraq, İrəvan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Ümumilikdə isə Ermənistanın hərbi cəhətdən Rusiyadan uzaqlaşdırılması prosesi başlansa da, iqtisadi-ticari baxımından bunu demək olmaz. Eyni zamanda, Rusiya ordusunun tamamilə bu ölkədən çıxarılması hazırkı məqamda mürəkkəb prosesdir və özündə təhlükəsizlik məsələlərini ehtiva edir”.

Ekspert qeyd edib ki, iki ölkə arasında münasibətlər durmadan inkişaf etsə də, ideal olmadığı göz önündədir:
“Rusiya Ermənistana investisiyaları artıb, eləcə də dünyada ən böyük erməni diasporu Rusiyadadır (təxminən 2 milyon nəfər). Anlaşılmaz əlaqələrə malik bu münasibətlər humanitar məsələlərdə daha çox gündəmə gəlir. Belə ki, bu ilin mayında güclü sel səbəbindən Ermənistanla Rusiya arasında Gürcüstan ərazisindən keçən dəmir yolu əlaqəsi kəsilmişdi. Daha sonra Rusiya dəstəyi ilə yol bərpa edildi. Bu gün  Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya getməsi də Ermənistanın Rusiyadan ciddi şəkildə asılılığının göstəricisdir. Digər tərəfdən Ermənistan hakimiyyəti Qərb siyasi məkanına inteqrasiyada maraqlı olsa da, Rusiyanın əsas ticarət-iqtisadi tərəfdaşdır və ölkənin enerji resurslarının əsas tədarükçüsüdür. Rusiya da bu günə qədər onun təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Moskvanın Ermənistana qarşı siyasi və iqtisadi təzyiq rıçaqları hələ də qalacaq”.