Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Rusiya ilə münaqişənin həlli Gürcüstanın qarşıdakı illər üçün ən mühüm prioritetlərindən biridir.Baş nazir hakimiyyətin növbəti dörd il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa Birliyi ilə münasibətlərin bərpasını “ən mühüm milli vəzifə” adlandırıb.
Kobixdze həmçinin NATO ilə əlaqələrin dərinləşdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, bu açıqlamaların hamısı ictimaiyyətə yönəlmiş fikirlərdir:
“Çünki sözügedən məsələlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Gürcüstanın Rusiya və Qərblə yaxınlaşması biri-birinin əksidir. NATO ilə əlaqələrin dərinləşdirilməsi və Çin ilə münasibətlərin yaxşılaşdırılması da eyni anda mümkümsüzdür. Bölgədə Gürcüstanın təhlükəsizlik sistemi elə qurulmuşdu ki, bu Türkiyə və Azərbaycanla əməkdaşlığa əsaslanırdı. Amma Gürcüstan Ermənistanla da əməkdaşlığa gedir. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq isə indiki halda Ermənistanla əməkdaşlığa əksdir. Ona görə də bu açıqlamalar daha çox publikaya xidmət göstərir. Gürcüstan hakimiyyəti nə qədər Rusiyaya yaxışlaşsa da, bu asan məsələ deyil. Çünki rəsmi Tiflis düşünürdü ki, Rusiya ilə yaxınlaşdıqdan sonra Abxaziya və Cənubi Osetiya konfederativ şəkildə Gürcüstanın tərkibinə veriləcək. Ancaq Rusiya xarici işlər naziri Mariya Zaxarovanın sonuncu açıqlaması göstərir ki, Moskva buna maraqlı deyil. Rusiya açıq şəkildə bildirir ki, Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətlərinə özləri qərar verməlidir. Digər tərəfdən isə Avropa İttifaqı Gürcüstana sanksiyalar tətbiq edir, hərbi və iqtisadi yardımları dayandırır, hətta təşkilatdan çıxarmaq istəyirlər. Belə olan dövrdə ABŞ və Avropa İttifaqının Gürcüstanla münasibətləri bərpa edəcəyini düşünmürəm. Hesab edirəm ki, Gürcüstan Rusiya və Çin istiqamətində xarici siyasət kursunu davam etdirir. Qərb indiki Gürcüstan hakimiyyətini devirməyə çalışacaq. Gürcüstan höküməti beynəlxalq siyasətdə ikili oynamağa çalışsa da, regional siyasətdə Azərbaycan və Türkiyənin ətəyindən möhkəm yapışmalıdır. Çünki Gürcüstanın təhlükəsizliyini hazırda yalnız Türkiyə və Azərbaycan təmin edə bilər”.