İrandan azyaşlı qızların hamilə qalmasına icazə: Bu qərarlar əsla İslam dininin mövqeyini əks etdirmir -ŞƏRH

İranda qızların hamilə qalma yaşı ilə bağlı məhdudiyyət ləğv edilib. Bundan sora 15 yaşlı qız uşaqları hamilə qala bilər.
Axar.az xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Əlirza Rəisi məlumat verib.
O, bundan əvvəl tibb kitablarında bu yaşda qızların hamilə qalması barədə “təhlükəli vəziyyət” sözünün “xüsusi diqqətə ehtiyacı olan” ifadəsi ilə dəyişdirildiyini deyib.
Qeyd edək ki, bundan əvvəl Əli Xamenei başda olmaqla İran rəsmiləri, xüsusilə din xadimləri əhalinin sayının artırılması üçün erkən evliliyin təbliği ilə bağlı göstərişlər veriblər.
Azyaşlıların evlənməsi üçün İran hökuməti xüsusi imtiyazlar və əvəzsiz kreditlər də nəzərdə tutub.

İahiyyatçı Tural İrfan "Sherg.az"a söyləyib ki, dində evlilik yaşı həddi - büluğa çatma dövründən götürülür:

''Bu da iqlimə və şəraitə görə, hər ölkədə fərqlidir. Elə ölkə var ki, orada həddi büluğa erkən yaşda çatırlar. Elə yer də var ki, 18-20 yaşda həddi -büluğa çatılır. İslam dininə görə qızların və oğlanların həddi - büluğa çatdıqdan sonra evlilik məsələsinə baxıla bilər. Hamiləlik üçün də əsas olan tibb mütəxəssislərinin rəyidir. Hansı yaşda hamiləlik problem yaratmazsa, həmin yaş büluğa çatmış cütlər üçün övlad dünyaya gətirmə həddi sayıla bilər. İrana gəldikdə isə orada öz rejimlərinin qorumaq üçün hətta, eyni cinslərin evlənməsinə və cinsiyyəti dəyişməyə belə icazə var. Ona görə İran İslamı təmsil edə bilməz, nə də onların qəbul etdiyi qanun nümunə sayıla bilməz. Yəni, bütün bunlar İslam adına yazıla bilməz. Elə bir rejimin qəbul etdiyi qərarlar əsla İslam dininin mövqeyini əks etdirmir. Dində hamiləlik həddi evlilik çağından sonraya aid olduğu üçün həddi - büluğ yaşı da elə hamiləlik üçün münasib sayılır. Həddi - büluğa çatma yaşını həmin ölkənin tibb mütəxəssisləri müəyyən edir. Çünki bu mövzu insan orqanizminin fiziki inkişafna bağlıdır. Yəni bunu yalnız din xadimləri, din alimi müəyyən edə bilməz. Quranda bu kimi mövzularda mütəxəssislərə müraciət etmək əmr olunub''.