Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Xorvatiyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.
Zelenski vurğulayıb ki, əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Zelenski öncə ittifaqa qoşulmaq daha sonra isə sülh prosesinin başlanmasını vurğulayır:
“Amma NATO isə deyir ki, əvvəlcə Ukraynanın ərazi bütövlüyü həll olunsun daha sonra danışıqlar başlasın. Ukraynanın NATO-ya daxil olması sual altında olarkən isə Rusiyaya işğal altında olan əraziləri güzəştə getməsi Zelenski üçün ciddi risq olardı. Eyni zamanda Ukraynanın faktiki suverenliyinin elə özü tərəfindən imtina edilməsi ilə nəticələnər. Ona görə də belə ziddiyətli məsələlər heç zaman həlli tapılmayacaq kimi görünür. NATO-nun prinsiplərinə görə ərazi problemləri olan dövlət alyansa üzv ola bilməz. Ukraynanın faktiki olaraq NATO-nun hüquqi qanunlar prizmasından ittifaqa üzvlüyünün yolları bağlanmış görünür. Çünki ittifaqa üzv olmaq üçün Rusiyanın şərtlərinə uyğun sülh müqaviləsi imzalamalıdır. Digər tərəfdən sual yaranır NATO daxilindəki bütün ölkələr Ukraynanın İttifaqa daxil olmasına yaşıl işiq yandıracaqmı? Belə olan halda Ukraynanın NATO-ya üzvlüyü dondurulmuş məsələ kimi önə çıxır”.