Ermənistanın keçmiş deputatı Arman Abovyan deyib ki, iranlılar Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çəkilməsini təmkinli şərh edirlər.
O, ortaya müxtəlif sualların çıxdığını bildirib. Vurğulayıb ki, Qərb missiyasının Ermənistan tərəfdən keçid məntəqəsinə nəzarət etməsi səmimi görünürmü? Bu kontekstdə iranlılar incə şəkildə eyham vururlar ki, amerikalılar və ya avropalılar keçid məntəqəsinə gəlsə, İran Ermənistanı özünə təhlükə hesab edəcək. Xatırladım ki, İran İsraillə müharibə aparır və ABŞ-ı (İsrailin əsas müttəfiqi) bu qarşıdurmanın potensial rəqibi hesab edir. Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a söyləyib ki, Nikol Paşinyanın MBD dövlət başçılarının sammitində iştirak etməsi bir sıra hadisələrlə yadda qaldı:
“Onlardan biri də Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd qoşunlarının Ermənistan-İran sərhədindən çəkilməsi və bir nəzarət buraxılış məntəqəsinə Ermənistan sərhədçilərinin nəzarət etməsi idi. Bu isə kifayət qədər rezonans doğurur və Rusiyanın Ermənistan ərazisini Zvartnots Beynəlxalq Hava Limanından sonra növbəti mərhələdə tərk etməsi anlamına gəlir. Əlbəttə, geniş həcmdə Rusiya Ermənistandan çıxmır. Rusiyanın 102-ci bazası Ermənistanda hələ də qalır. Digər tərəfdən Türkiyə və İranla sərhədləri Rusiya sərhədçiləri qoruyacaq. Lakin maraqlı məqam ondan ibarətdir ki, İran buna böyük susqunluqla yanaşır. Baxmayaraq ki, bəyan olunan fikirdə İranla sərhəddə ermənilərin dayanması qeyd olunur. Məlumdur ki, burada təcrübə qazanmaq, sərhəd mühafizəsini təşkil etmək üçün Avropa və Amerika Birləşmiş Ştatları təlimatçıları da İranla sərhədə gələ bilərlər. Yayılan məlumatlara görə Amerika Birləşmiş Ştatlarının Ermənistanda olan böyük səfirliyi İrana qarşı fəaliyyət göstərir. Eyni zamanda Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsinə də İranın səsini çıxarmır. Belə olan halda fikirlər meydana gəlir ki, Rusiya sərhədçilərin İran-Ermənistan sərhəddindən çəkilməsi rəsmi Tehran tərəfindən etirazla qarşılanmayacaq. İran bunu özü üçün kart kimi istifadə edəcək”.