Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi xəbər yayıb. Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının poliqonunda batalyon taktiki təlimlərinə start verilib. Təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər. Təlimlərin birinci mərhələsində döyüşə hazırlığının ən yüksək səviyyəsinə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj və yerləşdirilməsi, döyüş zastavalarının təşkili kimi tədbirlər hazırlanıb.
Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Rusiyanın Ermənistandakı hərbi bazasındakı qoşunlarının keçirdiyi hərbi təlimlər ilk deyil:
“Yəni planlaşdırılmış şəkildə həyata keçirilən əməli fəaliyyət kimi anlaşıla bilər. Amma indiki həssas məqamı və xüsusilə də Qərbin daha ciddi şəkildə Ermənistanda yerləşməsini nəzərə alanda vəziyyət dəyişir. Çünki indiki həssas məqamda belə bir təlimin baş tutması özündə mesaj xarakteri daşıyır. Bu mesaj təkcə Ermənistana qarşı deyil, rəsmi İrəvanda getdikcə daha ciddi şəkildə yerləşməyə çalışan Qərbə də ünvanlanır. Yəni Rusiya dəyişən vəziyyətə sonuna qədər baxmayacaq və Qərbin Ermənistanda yerləşməsinə hər an cavab verməyə hazır olduğunu bildirir. Eyni zamanda Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq niyyətinin xam xəyal olduğunu vurğulayır. Həmçinin sözügedən təlimlər başlamazdan əvvəl də Ermənistan ordusunda texnika və canlı qüvvənin bütün sərhədlər boyu canlanması müşahidə edilirdi. Hesab edirəm ki, bunu da qabaqlayıcı hərbi tədbir kimi qiymətləndirmək olar. Həmin hərəkətlənmədən dərhal sonra Rusiya qoşunlarının hərbi təlimə başlaması təsadüf deyil. Belə təlimlər başlamazdan əvvəl Ermənistan hökümətinə və Müdafiə Nazirliyinə xəbardarlıq edilir”.