Macarıstanın ilin sonunda AB Şurasının sədri postunu tərk etməsindən və Polşanın bu vəzifəni üzərinə götürməsindən sonra Birlik Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirmək niyyətindədir. Bu barədə “Politiko” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Varşava artıq bəyan edib ki, AB-dəki altı aylıq rəhbərliyindən qitəyə daxil olan Rusiya yanacağına nəzarəti gücləndirmək üçün istifadə etmək istəyir. Diplomatlar bildirirlər ki, Orban ölkəsinin sədrliyindən sanksiya danışıqlarını effektiv şəkildə dayandırmaq üçün istifadə edib. İndi üzv dövlətlər kəskin məsələləri yenidən gündəmə gətirmək üçün Polşaya ümid edir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Avropa İttifaqının bir sıra ölkələriylə Rusiya arasında təbii qazla bağlı müqavilələrin müddəti hələ başa çatmayıb:
“Bu baxımdan Rusiyaya tətbiq olunan müəyyən sanksiyalar səmərəsiz olur. Belə olan halda Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. Rusiya hazırda daha çox neft-qaz hasil və ixrac edən dövlət olduğuna görə və ölkənin büdcəsi bu sahədən gələn gəlir hesabına formalaşdığı üçün Qərb bloku rəsmi Moskvaya qarşı sanskiyaları sərtləşdirməyə çalışır. Amma həmin sanksiyalar istənilən nəticəni vermədiyi üçün Rusiyanın iqtisadiyyatında ciddi şəkildə geriləmə müşahidə olunmur. Düzdür, Rusiya iqtisadiyyatı bəzi Avropa məhsullarından, sərmayələrindən məhrum edilib. Amma buna baxmayaraq Rusiya iqtisadiyyatı zəifləməyib. Macarıstan da Rusiyaya tətbiq edilən sanksiyaların qanunsuz olduğunu söyləyir. Görünən odur ki, Polşa sədirliyə başlayanda rəsmi Budapeştin Avropa İttifaqı daxilində apardığı bu siyasətin əleyhinə çıxış edəcək. Rusiyanın Ukraynada apardığı savaş və bunun fonunda Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır. Hələki Rusiya neft və qazının Avropaya daxil olmasının birmənalı şəkildə qarşısı alınmır. Polşa da bu istiqamətdə fəaliyyəti sərtləşdirmək ümidindədir”.