Aydın Hüseynov: Azərbaycan Avropaya qaz ixracını daha da genişləndirir

Oktyabr 28-də Bakı şəhərində ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində Enerji Təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO Dəyirmi Masa tədbiri keçirilib. Tədbirdə NATO-nun İnnovasiya, hibrid və kiber məsələlər bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak edib. Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, həmçinin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən COP-29 tədbirinə ev sahibliyi xüsusi vurğulanıb. Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis müavini - şöbə müdiri Anar Mütəllimov qeyd edib ki, 2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kubmetri Avropaya ixrac olunub. O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir. Həmçinin bildirib ki, 30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. Bura həm təhlükəsizlik sektorunda islahat, həm ətraf mühit, həm sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. Ötən il Azərbaycanın qaz hasilatı 23 milyard kubmetr idi və onun 9 milyard kubmetri Avropaya ixrac edilib. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq. 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan TAP kəməri ilə Avropaya qaz nəqli ilə bağlı öz imkanlarını daha da artırmaqdadır:


“Ötən illər ərzində Avropa bazarında neft təchizatçısı kimi  etibarlı tərəfdaşa çevrilmiş respublikamız TAP kəmərini istifadəyə verməklə 4 ildir ki, Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub.metr, 2022-ci ildə 11 milyard kub.metrdən çox qaz ixrac edib. 2023-cü ildə isə 12 milyard k.metrdən çox qaz ixrac edib. 2024-cü ilin ötən 9 ayı ərzində qaz ixracı daha da artıb. Son illərdə yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Mərkəzi Asiyadan, Türkmənistandan gələn qazın, o cümlədən Qazaxıstan neftinin Azərbaycan üzərindən Avropaya ixracı, ümumiyyətlə, ənənəvi enerji layihələri ilə bağlı əməkdaşlıq genişləndirilir”.

Millət vəkili qeyd edib ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”n imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatşılarından biri kimi mövqeyini möhkəmləndirib:
“Eyni zamanda növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. 2024-2027-ci illərdə ölkəmizin qaz istehdsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Ümumilikdə, Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bunun üçün ölkəmizin resursları mövcuddur. Cənab Prezidentin bəyan etdiyi kimi ölkəmizin qaz ehtiyatları Azərbaycana və tərəfdaşlarına ən azı 100 il üçün bəs edəcək”.

A. Hüseynov bərpaolunan enerji ilə bağlı ölkəmizin imkanlarından da bəhs edib və bildirib ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir:
“Bu, onu göstərir ki, Azərbaycan Avropa İttifaqı regionuna həm də yaşıl enerji ixrac edə biləcək. Artıq bununla bağlı 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb və bu ixrac marşrutu Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”.