Amerikanın AECOM şirkəti Ermənistanda TRIPP layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələrini təqdim edib.
Sherg.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Bildirilib ki, şirkətin nümayəndələri Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və dövlət idarəetmə orqanlarının təmsilçiləri ilə görüş keçiriblər.
Görüşdə TRIPP layihəsi çərçivəsində dəmir yolu infrastrukturunun ilkin təhlili, enerji infrastrukturlarının funksional imkanları, rabitə xətləri və avtomobil yolları ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin texniki-iqtisadi əsaslandırmanın növbəti mərhələlərinin hazırlanması ilə bağlı təşkilati məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, AECOM nümayəndələri cari il ərzində bir neçə dəfə TRIPP infrastrukturlarının inşa ediləcəyi Ermənistanın Mehri bölgəsində olublar.
Xatırladaq ki, TRIPP (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçməklə strateji tranzit marşrutunun yaradılmasını nəzərdə tutur. Layihə Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sputnik Ermənistanın məlumatına görə, layihə çərçivəsində ABŞ-a marşrutun inkişafı üçün 99 ilədək eksklüziv uzunmüddətli hüquqların verilməsi nəzərdə tutulur. İlkin mərhələdə yaradılması təklif edilən şirkətdə ABŞ-ın payının 74, Ermənistanın payının isə 26 faiz olması planlaşdırılır. Müqavilənin müddəti uzadılacağı təqdirdə Ermənistanın payının 49 faizə qədər artırılması imkanı da nəzərdə tutulur.
Məlumatda, həmçinin layihənin həyata keçirilməsi ilə bağlı geosiyasi və infrastruktur çətinliklərinin mövcud olduğu vurğulanır. Rusiya tərəfi Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin mövcudluğuna, dəmir yollarının texniki uyğunlaşdırılması zərurətinə və 2038-ci ilədək qüvvədə olan Cənubi Qafqaz Dəmir Yolları ilə bağlı konsessiya müqaviləsinə diqqət çəkir.