BRICS ölkələrinin münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və qlobal həmrəyliyə əsaslanır
"“Soyuq müharibə” dönəminin başa çatmasından sonra formalaşmış və ABŞ-nin hegemon siyasətinə əsaslanan təkqütblü-monopolist dünya düzəni artıq öz ömrünü başa vurmaqda və çoxqütblü beynəlxalq münasibətlər sistemi ilə əvəzlənməkdədir".
Bu barədə "Sherg.az"a politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, ABŞ-nin liderlik etdiyi kollektiv Qərbin təkbaşına hökmranlıq erası artıq başa çatır:
"BRICS adlı yeni geosiyasi birlik formatının ortaya çıxması və Qlobal Cənub qütbünün təşəkkül tapması isə daha ədalətli və daha proqnozlaşdırılan beynəlxalq nizamın bərqərar olmasına təkan verir. BRICS artıq dünyanın qeyri-Qərb iri iqtisadiyyatlarını (Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Rusiya) öz “çətir”i altında birləşdirməklə beynəlxalq münasibətlərdə kifayət qədər böyük təsir gücünə və neytrallaşdırma, tarazlıq yaratmaq potensialına malik nüfuzlu geosiyasi aktora çevrilməkdədir. Bunu Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən BRICS-2024 sammitinin nəticələrindən də görmək mümkündür. Avropa İttifaqından (Aİ) fərqli olaraq BRICS öz üzvlərinin müstəqilliyini və suverenliyini məhdudlaşdırmağa can atmır. Bunun əksinə, BRICS öz müstəqilliyinə hörmətlə yanaşan və öz hüquqlarını qorumağa çalışan ölkələrin birliyi olduğuna görə bu təşkilata üzv olmaq istəyən ölkələrin sayı sürətlə artır. Kazan sammitində 40-a yaxın ölkənin nümayəndə heyətlərinin iştirak etməsi də bunun əyani göstəricisidir".
Analitikə görə, Prezident İlham Əliyevin BRICS sammitində iştirakı Azərbaycanın bu təşkilatın get-gedə beynəlxalq münasibətlərdə artan çəkisini və rolunu düzgün dəyərləndirməsinin nəticəsidir:
"Azərbaycanın bu təşkilata üzv olmaq marağını ortaya qoyması ölkəmizin qlobal, geostrateji hədəflərindən irəli gəlir. Bəzilərinin yanlış zənn etdiyi kimi Azərbaycan BRICS-ə üzvlüklə bağlı müraciət etməklə heç də Şərqlə Qərb arasında konkret seçim etmək niyyətini güdmür. Rəsmi Bakı bu məsələyə daha geniş aspektdən yanaşır və Qərb ilə Qlobal Cənub arasında əlaqələndirmə missiyasını həyata keçirməyi, körpü rolunu oynamağı hədəfləyir. Azərbaycandan başqa daha 27 ölkənin üzv olmaq istədiyi bu qurumda biz öz xüsusi missiyamızla daha üstün imkanlar əldə edə bilərik. Azərbaycan indiyə qədər öz milli maraqlarına cavab verən və bərabərhüquqlu əməkdaşlıq üçün geniş imkanlar təklif edən bütün platformalardan səmərəli surətdə yararlandığı kimi BRICS-in də mümkün faydalarından təyinatı üzrə yararlanmağı düşünür. Bu da rəsmi Bakının BRICS-ə praqmatik yanaşmasının göstəricisidir".
Ə.Hüseynov vurğulayıb ki, rəsmi Bakı hazırkı qlobal geosiyasi prosesləri və gələcək perspektivləri rasional dəyərləndirir:
"Ölkəmizin mövcud xarici siyasət kursu Aİ ölkələri ilə, Qoşulmama Hərəkatının üzvləri ilə yanaşı BRICS üzvləri ilə də həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan verir. Bu baxımdan BRICS ilə sıx əməkdaşlıq digər müstəvilərdəki əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək. Tam əksinə, BRICS-lə əməkdaşlığın genişləndirilməsi geosiyasi manevr imkanlarımızı daha da artıra bilər. BRICS ölkələrinin münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və qlobal həmrəyliyə əsaslanır. Bu prinsiplər Azərbaycan üçün də önəmlidir. Azərbaycan qlobal həmrəyliyə xidmət edən bütün formatlara və təşəbbüslərə müsbət yanaşır".