HƏMAS hərəkatının rəhbərliyi Xəlil əl-Heyanı təşkilatın Siyasi Bürosunun yeni rəhbəri təyin etmək imkanını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti hərəkatdakı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, HƏMAS lideri Yəhya Sinvarın Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülməsindən sonra hərəkata kollektiv şəkildə rəhbərlik edilir.
Nəşrin məlumatına görə hərəkatın liderinin seçilməsi üçün şərait yaranarsa Əl-Heya HƏMAS Siyasi Bürosunun yeni rəhbəri olacaq. Bu haqda qəzetin mənbələri məlumat veriblər. Onlar həmçinin bildiriblər ki, HƏMAS-ın yeni liderinin seçilməsi hər an baş verə bilər, lakin onun kimliyi rəsmi olaraq açıqlanmayacaq.
Qəzet onu da qeyd edir ki, əl-Heya Qəzza zolağında Həmas Siyasi Bürosunun şöbəsinə rəhbərlik edir və Qəzzada atəşkəs üzrə məsləhətləşmələr üçün danışıqlar qrupuna rəhbərlik də daxil olmaqla, hərəkatın siyasətinin əsas sahələrində iştirak edir və o həmçinin anklavın gələcək idarəçiliyi ilə bağlı Fəth ilə əlaqələrdən də cavabdehdir.