REAL TV ilə Təhsil İdarəsi arasında gərginlik - Jurnalistlərə hücum qalmaqalı böyüyür

Bakının Yasamal rayonundakı 225 saylı məktəbdə çəkiliş aparan jurnalistlərə hücum edilməsi ciddi müzakirələrə səbəb olub. Hadisəyə görə şagirdlərin sərt şəkildə cəzalandırılmasını tələb edənlər də var, azyaşlıların faciədən dərhal sonra sorğu-suala tutulmasını doğru hesab etməyənlər də.

“Bakupost” xəbər verir ki, oktyabrın 28-də məktəbin VII sinif şagirdinin həyatını itirməsi ilə bağlı hadisəni işıqlandırmağa gedən REAL TV və Space TV əməkdaşları fiziki hücuma məruz qalıblar. Hadisə zamanı jurnalistlərin xəsarət aldığı, insidentə polisin müdaxilə etdiyi və saxlanılanların olduğu bildirilir.

REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev baş verənlərə sərt münasibət bildirib. O, jurnalistlərə hücum edənlərin qanun qarşısında cavab verməli olduğunu vurğulayaraq, məktəblilər arasında aqressiyanın və zorakılığa meylin artmasından narahatlığını ifadə edib.

Mir Şahin Ağayev hadisəni yalnız məktəbdaxili intizam problemi hesab etməyib, yeniyetmələrin tərbiyəsinə təsir edən amillər sırasında küçə xuliqanlığını və kriminal məzmunlu mahnıları da göstərib. Onun fikrincə, bu cür davranışlar ən sərt qanuni tədbirlərlə qarşılanmalıdır.

Hadisədən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama yayıb. Bildirilib ki, insident nəzarətə götürülüb, məktəb kollektivinin, şagirdlərin və valideynlərin iştirakı ilə araşdırma aparılacaq. Polis də hadisəni araşdırır.

Lakin Təhsil İdarəsinin açıqlamasındakı başqa bir məqam diqqət çəkib.

İdarə xatırladıb ki, belə həssas hadisələrin işıqlandırılması zamanı uşaqların anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Şagirdlərlə müsahibələrin aparılmasına, onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışlara yol verilməməlidir.

REAL TV-nin direktor müavini Mahir Məmmədli bu açıqlamaya etiraz edərək Təhsil İdarəsini məktəblərdəki vəziyyətə lazımi nəzarət etməməkdə günahlandırıb:

“Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir. Amma görüntülərə baxdıqda məlum olur ki, şagirdlər vahid geyim qaydasını pozurlar”.

O, həmçinin görüntülərdəki qırmızı gödəkçəli şagirdin iki dəfə sinifdə qaldığını iddia edərək Təhsil İdarəsinin jurnalistlərə irad bildirmək əvəzinə məktəblərə nəzarəti gücləndirməli olduğunu vurğulayıb.

Bəs qanunvericilik nə deyir? Jurnalistlərin belə vəziyyətdə məktəblilərdən müsahibə alması nə dərəcədə doğrudur?

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının 3.9-cu bəndinə əsasən, jurnalist uşaqların hüquqlarına hörmətlə yanaşmalı, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan onlardan müsahibə götürməməyə çalışmalıdır. Faciə və cinayət hadisələrinə cəlb edilmiş uşaqların kimliyi isə qorunmalıdır.

“Media haqqında” Qanunun 6-cı maddəsi jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləni və onlara təzyiq göstərilməsini qadağan edir. Lakin həmin qanunun 15.1.5-ci maddəsi müəyyən kateqoriyadan olan azyaşlıların kimliyinin açıqlanmasına məhdudiyyət qoyur.

Digər tərəfdən, “Uşaq hüquqları haqqında” Qanunun 17-ci maddəsi uşaqların şəxsi həyatının toxunulmazlığını və qanunsuz video və foto çəkilişindən müdafiəsini nəzərdə tutur.

Deməli, jurnalistlərin hadisə yerində məlumat toplamaq hüququ olduğu kimi, uşaqların da şəxsi həyatının və psixoloji təhlükəsizliyinin qorunması hüququ var.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu hüquqları xatırlatmasının qanuni əsası var. Lakin bu, jurnalistlərin hadisəni araşdırmaq və məlumat toplamaq hüququnun ümumilikdə məhdudlaşdırılması anlamına gəlməməlidir.

Məsələnin başqa bir maraqlı tərəfi isə məktəblinin ölümü ilə bağlı xəbərlərin təqdimatıdır.

İlkin məlumatlarda VII sinif şagirdinin məktəbin dördüncü mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib. Sonradan bəzi media qurumları hadisənin intihar olduğunu iddia ediblər. Halbuki Baş Prokurorluğun açıqlamasında şagirdin yıxılaraq öldüyü və faktla bağlı araşdırma aparıldığı qeyd olunub. İntihar versiyası isə rəsmi şəkildə təsdiqlənməyib.

Belə olan halda daha bir sual yaranır: məktəblilərin jurnalistlərə aqressiyasına səbəb nə olub? Sinif yoldaşlarının ölümü ilə bağlı fərqli məlumatların yayılması, yoxsa faciənin təsiri altında olan uşaqların kameralar qarşısında sorğu-suala tutulması?

İnsidentin hansı şəraitdə başladığı, jurnalistlərin məktəblilərə hansı sualları verdiyi və hücumun konkret kimlər tərəfindən törədildiyi hələlik tam aydın deyil. Bu məqamların araşdırma nəticəsində müəyyənləşdirilməsi vacibdir.