ABŞ-nin birinci xanımı Melaniya Tramp amerikalı jurnalistlərin humanitar missiyanı izləmək üçün Xerson vilayətinin Aleşki şəhərinə göndəriləcəyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, Melaniya Tramp bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O, bununla Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin açıqlamasını təsdiqləyib.
“Newsmax telekanalının dörd amerikalı jurnalisti Aleşkidə olacaq və Rusiya, eləcə də Ukrayna tərəfinin humanitar missiya rəhbərlərini müşayiət edəcəklər. Onlar neytral müşahidəçi qismində çıxış edərək bu tarixi humanitar missiyanın gedişini müstəqil şəkildə lentə alacaq və sənədləşdirəcəklər”, – Melaniya Tramp bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Aleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq məqsədilə atəşkəs barədə razılığa gəliblər.
Rusiya Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq etdiyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Aleşkidə humanitar vəziyyətin kritik olduğunu bildirib.
Rusiya tərəfinin iddiasına görə, Ukraynanın artilleriya və pilotsuz uçuş aparatları ilə hücumları səbəbindən şəhərə ərzaq və dərman çatdırılması çətinləşib.
Məlumata əsasən, əvvəllər 20 min nəfərin yaşadığı şəhərdə hazırda mindən bir qədər çox sakin qalıb.