İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan ölkənin cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işləməyə başladıqlarını açıqlayıb. Ölkə mətbuatında əksini tapan xəbərə görə, Pezeşkiyan dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib. Tehranı paytaxt kimi buraxmağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti bildirib ki, ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də biz ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməliyik. Bizim onu daşımaqdan başqa çarəmiz yoxdur. Pezeşkiyan, Birinci vitse-prezident Məhəmməd Rıza Arifə paytaxtın köçürülməsi planlarını təqib etmək üçün tapşırıq verildiyi məlumatını paylaşaraq deyib ki, bu məsələyə məhəl qoymasaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər. Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib. Plan çərçivəsində yaradılan şura paytaxt üçün "ən yaxşı alternativin harada olacağı" ilə bağlı araşdırmalar aparırdı. Bu məsələ ilə bağlı indiyədək heç bir addım atılmayıb.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, İranda paytaxtın dəyişdirilməsi məsələsi Pəhləvi və molla rejimi dönəmində müxtəlif rəsmilər tərəfindən dilə gətrilib:
“Hətta bununla bağlı fərqli planlar müzakirə olunub və müəyyən büdcə ayrılıb. Amma bu günə qədərə sözügedən proses nəticə verməyib. Əsas problem ondan ibarətdir ki, bütün siyasi, iqtisadi və iş imkanlarının toplandığı yer Tehrandır. Ümumiyyətlə yanlış siyasət nəticəsində İranda ədalətsiz dağılım mövcud idi. Buna görə də bütün iş imkanları Tehranda toplaşıb. Bunun Tehran üçün faydaları çox olsa da, İran üçün xeyli zərərlər verib. Tehran çox kirli, fərqli mədəniyyətlərin toplaşdığı, nəqliyyatın bərbad vəziyyətdə olduğu və bütün siyasi imkanların birləşdiyi mərkəzə çevrilib. Bunların hamısı şəhərə özüylə bərabər təhlükəsizlik və ədalətsizlik gətirib. Hesab edirəm ki, belə vəziyyətində paytaxtın dəyişdirilməsi məsələsi sadəcə sözdə qalacaq. Çünki paytaxtın dəyişdirilməsi İrana böyük iqtisadi böhran gətirər”.