Ryabkov: Rusiya NATO ilə qarşıdurmadan çəkinməyə çalışır

Rusiya Qərblə nüvə dövlətləri arasında silahlı münaqişəyə gətirib çıxara biləcək gərginliyin artmasının qarşısını almaq məqsədilə siqnallar göndərməyə davam edir.

“Report” xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov üçüncü dünya müharibəsinin qaçılmazlığı barədə fərziyyələr irəli sürən bir sıra ekspertlərin narahatlığına münasibət bildirərkən “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində söyləyib.

“Bəzi ekspertlərin bu və ya digər proqnozu verərkən nəyə əsaslandıqlarını qiymətləndirmək və bəzən başa düşmək çətindir. Ona görə də şərh verməkdən çəkinirəm. Lakin Rusiyada siyasi səviyyədə üçüncü dünya müharibəsinin qaçılmazlığından danışıldığı fikri ilə razılaşmıram”, – diplomat vurğulayıb.

Ryabkovun sözlərinə görə, Rusiya NATO ilə birbaşa hərbi qarşıdurmanı qabaqlamaq zərurətindən çıxış edir. Onun fikrincə, ABŞ və onun müttəfiqlərinin münaqişəni gərginləşdirmək üçün atdığı addımlar təhlükəli nəticələrə gətirib çıxarır.

“Əlbəttə ki, belə bir ssenari qaçılmaz deyil, lakin ABŞ və alyansın digər üzvlərinin Ukrayna böhranını daha da gərginləşdirmək üçün praktiki addımları məhz bu istiqamətə aparır. Ölkəmizə “strateji məğlubiyyətə” uğratmaq şüarları altında Rusiyanın təhlükəsizliyini köklü şəkildə sarsıtmağa yönəlmiş addımlarına başqa qiymət vermək mümkün deyil”, – XİN rəhbərinin müavini qeyd edib.

O əlavə edib ki, Rusiyanın Qərbə göndərdiyi xəbərdarlıq siqnalları Moskvaya qarşı güc təzyiqini artırmaq planları hazırlayanları ayıltmaq məqsədi daşıyır.

“Beləliklə, NATO paytaxtlarındakı Rusiyaya qarşı güc təzyiqini artırmaq planları hazırlayan “kəlləgözlər”i başa salmağa və ayıltmağa çalışırıq ki, bu nüvə dövlətləri arasında birbaşa silahlı qarşıdurmaya gətirib çıxara bilər”, – Ryabkov deyib.