Gürcüstanda kütləvi aksiyalarda qayda pozuntularına görə cərimələr bir neçə dəfə artırılıb.
Teleqraf.com xəbər verir ki, ölkə parlamentində İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi səs çoxluğu ilə qəbul edilib.
Düzəlişlərə əsasən, şəhərin xarici görkəminin korlanmasına görə cərimə 50 laridən min lariyədək artırılıb, bu qaydanın təkrar pozulmasına görə cərimənin məbləği 2 min lari təşkil edəcək.
Yolun bağlanılmasına görə cərimə isə min laridən 2 min lariyə qaldırılıb, nəqliyyat vasitəsilə yolun bağlanacağı halda onun sahibi sürücülük hüququndan bir il müddətinə məhrum ediləcək.
Aksiya və nümayişlərin təşkili və keçirilməsi zamanı qaydaları pozan şəxslər artıq 500 lari deyil, 5 min lari məbləğində cərimə olunacaqlar. Təşkilatçılar üçün cərimə 15 min lari təşkil edəcək və yaxud onlar inzibati həbsə məhkum ediləcəklər.
Parlament aksiyalarda maskanın taxılması, pirotexniki vasitələr və lazerlərdən istifadəni qadağan edən qanunvericilik dəyişikliklərini də üçüncü oxunuşda qəbul edib. Bu qadağalara əməl etməyənlərə qarşı 2 min lari məbləğində cərimə tətbiq olunacaq.