Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, prosedur parlamentin iclas zalında MSK-nın nəzarətində keçirilir. Səsvermədən öncə MSK sədri Giorgi Kalandarişvili kollegiya üzvlərini səsvermə qaydaları ilə tanış edib.
O, səsvermənin açıq keçirildiyini, adlar üzrə bülletenlərin kollegiya üzvlərinə veriləcəyini, səsvermənin əlifba sırası ilə aparılacağını bildirib.
Səsvermə saat 14:00-də başa çatacaq. Bundan sonra MSK seçkilərin nəticələrinə yekun vuracaq.
Prezident postuna 1 nəfərin - Mixeil Kavelaşvilinin namizədliyi irəli sürülüb.
Prezident 300 üzvdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Seçkilərin keçirilməsi üçün kollegiyanın tam tərkibinin azı 151 üzvün iştirakı kifayət edir. Prezidentin seçilməsi üçün kollegiyanın tam tərkibinin 2/3-nin - azı 200 üzvün səsi lazımdır. Hakim "Gürcü Arzusu" partiyası kollegiyada 211 yer tutur.
Seçilmiş prezident 5 il müddətinə vəzifəsini icra edəcək.