Azərbaycan və Gürcüstanın Qərbin pozuculuq siyasətinə qarşı immuniteti kifayət qədər güclüdür
Gürcüstan hökuməti ölkənin yeni prezidentini seçib. Dekabrın 14-də keçirilən prezident seçkiləri qeyri-birbaşa formada keçirilib.
İlk dəfə olaraq qonşu ölkənin dövlət başçısını vətəndaşlar deyil, seçicilər kollegiyası seçib. Səsvermə Gürcüstan parlamentinin binasında keçirilib. Səsvermədə 300 üzvü olan Seçicilər Kollegiyasının yarısından çoxu iştirak edib.
Yeganə namizəd hakim “Gürcü Arzusu”nun təqdim etdiyi Mixail Kavelaşvili olub və o, Gürcüstanın növbəti prezidenti seçilib.
Müxalifət isə 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını elan edib, parlament iclaslarını boykot edir və prezident postuna heç bir namizəd irəli sürməyib. Bundan başqa, müxalifətə mənsub parlament üzvləri səsvermədə iştirak etməyi də planlaşdırmır.
Gürcüstanın yeni seçilmiş Prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalına müsahibəsində Gürcüstan hakimiyyətinin istənilən məsələ ilə bağlı müzakirələrə açıq olduğunu deyib. Onun sözlərinə görə, Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var: “Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa Birliyinə olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik. Dəyərlərindən və adət-ənənələrindən imtina edərək Gürcüstanın hansısa təşkilata qoşulmasının mənası yoxdur”.
Mixail Kavelaşvili ölkənin hazırkı Prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdısa, istefa verməli idi.
Qonşu ölkədə keçirilən prezident seçkilərini və ölkənin yeni prezidentinin gələcək fəaliyyətini dəyərləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun sözlərinə görə, gürcü xalqı Avropa İttifaqının (Aİ) "beşinci kolon"unun planlarının həyata keçməsinə imkan vermədi. Politoloq “Sherg.az"a açıqlamasında qeyd edib ki, 2024-cü il dekabrın 14-də Gürcüstanın altıncı prezidentinin seçilməsinə hər vasitə ilə mane olmağa çalışan qərbyönümlü qüvvələr fiasko ilə üzləşdilər:
"Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olan qonşu Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarının iflasa uğradığını göstərir. Hazırkı Prezident Salome Zurabişvili başda olmaqla, Qərbin Gürcüstandakı əlaltılarının iğtişaşlar törətmək planları boşa çıxdı.
"Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi olan Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçildi”.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixail Kavelaşviliyə təbrik məktubu ünvanladığını xatırladan Ə.Hüseynov deyib ki, dövlətimizin başçısı sözügedən təbrik məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib:
“Eyni zamanda, təbrik məktubunda Gürcüstan və Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün də müvəffəqiyyətlə inkişaf etməsinin sevindirici hal olduğunu qeyd edərək, regionumuzun sabitliyi və təhlükəsizliyi üçün birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib. Azərbaycan-Gürcüstan münasibətləri zamanın sınaqlarından uğurla çıxıb. Bu iki Cənubi Qafqaz ölkəsi daim qarşılıqlı hörmət və anlayış, dinc qonşuluq və əməkdaşlıq prinsipləri əsasında hərəkət edərək strateji tərəfdaşlıq münasibətləri qurublar. Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib, beynəlxalq platformalarda daim bir-birinin mövqeyini müdafiə ediblər. "Gürcü Arzusu" Partiyasının Cənubi Qafqazda Qərbin həyata keçirdiyi geosiyasi pozuculuq siyasətinə qətiyyətlə "yox!" deməsi Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi bundan sonra da sıx əməkdaşlığı davam etdirməsi üçün etibarlı zəmin yaradır. Bakı və Tbilisinin sıx əməkdaşlığı Cənubi Qafqazın gələcək taleyində mühüm rol oynayacaq. Gürcüstanda yaşayan soydaşlarımız da Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar”.
Politoloq hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətləri Ermənistan üçün də örnək olmalıdır. Qərbin Cənubi Qafqazda "forpost"u rolunu oynamağı üzərinə götürmüş Ermənistan bölgədə vəziyyətin gərginləşməsinə, qeyri-sabitlik riskinin artmasına səbəb olur:
“Qərb Ermənistandan Azərbaycana və Gürcüstana qarşı alət kimi, təzyiq vasitəsi kimi istifadə edir. Gürcüstanda Qərbin "ssenarisi" ilə təşkil olunan etiraz aksiyalarında, iğtişaşlarda Ermənistandan göndərilən pozucu qüvvələrin iştirak etməsi faktları da məlumdur. Lakin Qərbin ermənilərin əli ilə Cənubi Qafqazda həyata keçirmək istədiyi pozuculuq planları baş tutmayacaq. Azərbaycan və Gürcüstanın Qərbin pozuculuq siyasətinə qarşı immuniteti kifayət qədər güclüdür. Qərb mediasının Gürcüstanın “rəngli inqilab”ın astanasında olduğunu bildirməsi də növbəti "blef"dən başqa bir şey deyil. Gürcülər Qərbin geosiyasi oyunlarına aldanmayacaqlar”.