İsrail tərəfi yeni şərtlər irəli sürməyi dayandırsa, Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə razılaşma mümkündür.
“Report” xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının teleqram kanalında yaydığı bəyanatda deyilir.
“İslami Müqavimət Hərəkatı HƏMAS təsdiq edir ki, vasitəçi qismində çıxış edən qətərli və misirli qardaşlarımızın rəhbərliyi ilə Dohada aparılan ciddi və müsbət danışıqları nəzərə alaraq, İsrail yeni şərtlər irəli sürməyi dayandırarsa, atəşkəs və girovların mübadiləsinə dair razılaşma əldə oluna bilər”, - bəyanatın mətnində vurğulanır.
Bundan əvvəl “Bloomberg” agentliyi İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatının danışıqlarda irəliləyiş əldə etdiyini və tərəflərin Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxın olduqlarını qeyd etmişdi. KİV-in məlumatına görə, dekabrın 16-da İsrail nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Qətərə yollanıb. “Ynet” portalı iddia edir ki, detalların çoxu razılaşdırılıb, lakin ilk mərhələdə azad edilməli olan girovların sayı əsas mübahisə mövzusudur.