Suriyada digər oyunçuların müdaxiləsi ilə ABŞ-nin hesabı baş tutmadı
"Suriyada baş verənləri düzgün analiz etmək üçün ilk növbədə Suriyanın mənzərəsinə nəzər salmaq lazımdır. Suriya tamamilə dağılmış ölkədir, iqtisadiyyatı demək olar ki, yox dərəcəsindədir".
Bu barədə politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, vaxtı ilə Suriya Yaxın Şərqin inkişaf etmiş ölkələrindən biri idi:
"Hazırda isə Suriya tamamilə fraqmentariləşib. Yəni müxtəlif hissələrə bölünüb, təkcə dialoqla mövcud problemləri aradan qaldırmaq qeyri-mümkündür. Əslində, əksər ölkələrdə bu və ya digər formada problemlər yaşanır. Ancaq xarici müdaxilələr və kənar təsirlər problemləri başqa məcraya yönəldir. Çünki kənar güclərin əsas məqsədi Yaxın Şərq regionunu yenidən formalaşdırmaqdan ibarət idi. Bölgə ölkələrinin sərhədlərini pozaraq orada yeni dövlətlər qurmaq niyyətində olublar. Bu prosesin də başında ABŞ dayanırdı. Kondoliza Raysın 2004-cü ildə Konqresdə çıxışını xatırlayaq. O deyirdi ki, "hakim siyasi dairələrin tez-tez bir-birini əvəz etməsi gündəmə gəlməlidir. Çünki bir ölkədə eyni qüvvə uzun müddət hakimiyyətdə qala bilməz". Bu, onların baxışıdır. ABŞ rəsmi dairələri müxtəlif coğrafiyalara fərqli yanaşma sərgiləyirlər. Məsələn, post-sovet coğrafiyasında "rəngli inqilab"ları həyata keçirirdilər. Yaxın Şərqdə isə "Böyük Yaxın Şərq" layihəsi gündəmdə idi. İraqda Səddam Hüseyni devirdilər, Əfqanıstanda çevriliş etdilər. Hesab edirdilər ki, Yaxın Şərqi yenidən dizayn etmək mümkündür".
İ.Vəlizadə qeyd edib ki, Suriyada digər oyunçuların müdaxiləsi ilə ABŞ-nin hesabı baş tutmadı:
"Nəticə onların istədiyi kimi olmadı. ABŞ ən azından çalışdı ki, Suriyanın şimal-şərqində kürdlərin yaşadığı bölgəni nəzarətə götürsün. Burada Amerikanın hərbi bazaları var. Əslində məqsəd həmin bölgədə "kürd dövləti" qurmaqdır. Təbii ki, belə bir "dövlət" bölgənin digər ölkələrinə də təhdid yaradacaqdı. Həmin dövlətlərdən biri Türkiyədir. Bu təhdidi yaxın müddətdə aradan qaldırmaq mümkün olmaya bilər, çünki uzunmüddətli layihədir".
İsmayıl