Ötən il Astanada biz ÇXR-in Sədri Si Szinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində deyib.
"Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu.
Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir", - İlham Əliyev vurğulayıb.
Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, dünyanın regional nizamını yenidən müəyyənləşdirməyə çalışdığı daha geniş bir strategiyanın başlanğıcındayıq desək yanılmarıq:
"Bu ölkənin innovasiya imkanları, iqtisadi keçidləri, xüsusən də texnoloji rəqabətdə irəliləyişi o qədər güclüdür ki, dünya iqtisadiyyatını dəyişkənliyə məcbur edir, məruz qoyur. Belə bir reallıqda Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin sadəcə Cənubi Qafqada deyil, dünyada nüfuzunun artmasına təsir edəcək. Təbii ki, Çinlə dərinləşən əlaqələr Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrə də təsir edəcək ki, bu da Azərbaycan iqtisadiyyatının dünyaya ayağının açılması deməkdir. Ticarət əlaqələri öz növbəsində diplomatik münasibətlərə də təsir edir ki, bu da dövlət başçımızın uzunmüddətli siyasi hədəflərinin reallaşmasına gətirib çıxardacaq. Azərbaycan-Çin münasibətlərində siyasi və iqtisadi bağlılığının miqyası böyüyür. Qərb siyasətçilərində bu gün belə bir fikir hökm sürür ki, “Biz özümüzü çox qiymətləndirdiyimiz üçün Çini düzgün qiymətləndirmədik”. Çin elm və texnologiyanın sərhədlərinə sistematik şəkildə təkanlar verir, bu baxımdan onun inkişaf trayektoriyası düzgün izlənilməli, qiymətləndirilməlidir".
Deputat əlavə edib ki, Çinlə Azərbaycanı birləşdirən məsələ Hər iki ölkənin güclənmə məsələsinə iqtisadi baxımdan yanaşmasıdır:
"Yəni, silahla deyil, müqavilələr, ticarət əlaqələri, limanların, dəmir yollarının və rabitə şəbəkələrinin tikintisi ilə. Bizi birləşdirən digər bir məsələ də var. Cənab Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Çinin Sinxua agentliyinə verdiyi müsahibədə dövlət başçımız bildirdi ki, 2024-cü ilin iyulunda Prezident Si Cinpin ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra Bakı ilə Pekin arasında münasibətlər “tarixi mərhələyə daxil olub”. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət 20,7% artıbsa, Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olması reallığı ortada mövcuddursa və uzaqgörən Liderimiz texnologiya, enerji və infrastruktura sərmayələrinə toxunarkən “Hələ istifadə olunmamış böyük potensial var” deyirsə, deməli, Çin-Azərbaycan münasibətlərinin inkişaf üfüqləri çox uzağa gedir. Bu, həm də dünyanın ən böyük ikinci iqtisadiyyatı ilə əlaqələrin dərinləşməsi və dünyada siyasi mövqelərimizin möhkəmlənməsidir".