Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Kobaxidze Avropa Şurasının Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib.
“Biz qanunvericilik, o cümlədən “Şəffaflıq haqqında” qanunla bağlı müzakirələr apardıq. Biz müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz müzakirəyə açıq olduğumuzu qanunun qəbulu prosesində, hətta qəbul etdikdən sonra da bildirmişik. Bir daha deyirik ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, əlbəttə ki, biz bu məsələləri müzakirə etməyə, o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, - Kobaxidze bildirib.
***
Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.
“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.