İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib

İsrail hərbçiləri Qəzza şəhərində keçmiş məktəb binasına hücum ediblər.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail ordusu hücumun hədəfi bu binada gizlənən HƏMAS hərəkatının fələstinli radikalları olub. İsrail ordusu gecə saatlarında Dərəc Tufda (Qəzza şəhərinin cənubunda yerləşən ərazi) komanda qərargahında fəaliyyət göstərən HAMAS terrorçularına dəqiq zərbə endirib.

“Qərargah əvvəllər Musa ibn Nusayr məktəbi kimi xidmət edən və terrorçular tərəfindən İsrail Müdafiə Qüvvələrinin və İsrail Dövlətinin qoşunlarına qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilən kompleksdə tikilib” – yayılan məlumatda qeyd olunub.

Bildirilir ki, "hücumdan əvvəl mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün çoxlu addımlar atılıb", "dəqiq idarə olunan sursatlar" və "əlavə kəşfiyyat məlumatı", eləcə də "havadan müşahidə"dən istifadə olunub.