Bölgədə təsirə malik aktorlar da artıq Ankaranın proseslərdəki açar rolunu qəbul edirlər
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada yeni hökumətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Colani - red.) ilə görüşüb. Şara bildirib ki, o, Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət verir: "Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”. O, həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır: “Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır”.
Hakan Fidan da vurğulayıb ki, Türkiyə xalqı, dövləti və Prezident Rəcəb Tayyib Ərdoğan həmişə Suriyanın yanında olacaq: “Dönəm "gözlə, gör" dönəmi deyildir. Hərəkətə keçməliyik. Torpaq bütünlüyü müzakirə edilə bilməz. Buna nail olmaq üçün ölkədə təhlükəsizliyi, qanunun aliliyini və azlıqların müdafiəsini təmin etmək lazımdır. Bütün dini və etnik qrupları əhatə edən inklüziv idarəçilik yaratmaq lazımdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkə qurmaq yeni Suriyanın ən böyük nailiyyəti və gələcəyinin təminatı olacaq. Türkiyə olaraq biz dövlət qurumlarında və biznesdə islahatlara dair təcrübəmizi bölüşməyə hazırıq. Prezidentimiz bununla bağlı bütün strukturlara lazımi tapşırıqlar verib”. Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir: “Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın dirçəlməsi və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda ləğv edilməlidir. İnvestisiya, maliyyələşdirmə, infrastruktur xidmətləri, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır”. Fidan əlavə edib ki, o, yeni Suriya rəhbərliyinin bu istiqamətdə işləmək üçün güclü iradəsini və əzmini görüb, lakin bunun üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var. Nazir vurğulayıb ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar: “Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”. Fidan əlavə edib ki, bu yardım həm də “İŞİD” terror qruplaşması ilə mübarizədə yardımı da əhatə edir. Məlumata görə, Türkiyə texniki-diplomatik məsələləri həll etdikdən sonra Suriyanın yeni hökumətinə kömək etmək səyləri çərçivəsində Hələb və Dəməşqdəki hərbi akademiyalarda yeni Suriya ordusunun təlimini dəstəkləmək üçün hərbi müşavirlərini göndərəcək. Mənbələr hava hücumundan müdafiə təlimləri üçün Xümsdə türk hərbi hissəsinin yerləşdirilməsinə dair müzakirələrin davam etdiyini də qeyd ediblər. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb: "Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik. Suriyanın ərazi bütövlüyü, siyasi birliyi, təhlükəsizlik və sabitliyinin təmin olunması üçün yeni hakimiyyətlə koordinasiyalı şəkildə işləyəcəyik". Nazirin sözlərinə görə, Türkiyə Suriyada sabitliyin bərpası və qaçqınların ölkələrinə qayıdışı üçün öhdəsinə düşəni edəcək: “Bölgədə təsirə malik aktorlar da artıq Türkiyənin proseslərdəki açar rolunu qəbul edirlər. Suriyada PKK, YPG, İŞİD kimi terror təşkilatlarının yeri yoxdur. Ölkəmizin və Suriyanın təhlükəsizliyini təhdid edən bu təşkilatların addımları diqqətlə izlənilir, onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Terror təşkilatlarının ərazidəki sabitsizlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız planladığımız kimi və artan templə davam edəcək. Terrorçuların olduğu hər yer Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.
Xatırladaq ki, Türkiyə Universitetinin məzunu Əsəd Həsən əl-Şibani Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri təyin olunub. O, 2022-ci ildə İstanbul Sabahattin Zaim Universitetində siyasət elmləri və beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. Əl-Şibani 2011-ci ildə başlayan Suriya inqilabına qoşulub və Suriya Qurtuluş Hökumətinin yaradılmasında iştirak edib. 2017-ci ildə o, hələ də rəhbərlik etdiyi Suriya Qurtuluş Hökumətinin Siyasi Departamentini yaradıb.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, proseslər inanılmaz sürətlə cərəyan edir. Ekspertin sözlərinə görə, mənfur Əsəd rejiminin ucbatından illər öncə dondurulmuş Suriya-Türkiyə münasibətləri indi yüksələn xətlə və həm də isti notlar üzərində inkişaf etməkdədir:
"MİT-in rəhbəri İbrahim Kalının bir neçə gün öncə Dəməşqə uğurlu səfərinin ardınca, ötən gün Türkiyə universitetlərindən birinin məzunu Esaad Hasan Şeyban Suriya müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsinə təyin edildi. Sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriyaya tarixi səfəri baş tutdu. Hakan Fidanı Dəməşqdə Suriyanın yeni hakimiyyətinin rəhbəri Əhməd əş-Şara və yeni təyinat almış xarici işlər naziri Əsəd Hasan Şeyban çox isti qarşıladılar. Yeni Suriya-Türkiyə münasibətləri panərəbçilik xəstəliyinə tutulmuş bütün türkəfob ərəb dövlətləri üçün yaxşı örnək ola bilər. ABŞ-dən, Fransadan, Böyük Britaniyadan, Rusiyadan və İrandan fərqli olaraq Türkiyə bölgəyə qan və fəlakət gətirmir".