Kulebanın səsləndirdiyi fikirlər manupulyativ xarakter daşıyır və çaşdırıcılığa hesablanıb
Ukrayna NATO-ya üzv olmasa, bir müddət sonra revanşist əhval-ruhiyyəni rəhbər tutaraq Rusiyaya hücum edə bilər. Bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib. Kuleba bildirib ki, həm Rusiya, həm də Ukrayna danışıqların nəticələrindən narazı qalarsa, bu, hər iki ölkədə revanşist əhval-ruhiyyənin artmasına səbəb ola bilər. O qeyd edib ki, ortamüddətli perspektivdə Ukraynanın Rusiyaya qarşı potensial revanşist siyasətini qiymətləndirməmək və ya hesabdan silmək olmaz. O, əlavə edib ki, 10 il ərzində Ukraynada qisas istəyən siyasətçi və siyasi qüvvələr peyda ola bilər.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Dmitri Kuleba çox güclü siyasətçidir:
“Ukrayna NATO-ya üzv olmayacaqsa və qisas axtaracaqsa, deməli, məğlub olacaq. Digər tərəfdən sual yaranır, Ukrayna NATO üzvü olmadığı halda nəyə arxalanıb Rusiyaya hücum edəcək? Bu baxımdan Kulebanın səsləndirdiyi fikirlər manupulyativ xarakter daşıyır və çaşdırıcılığa hesablanıb. Yəni Kulebanın açıqlaması məntiqli deyil. Həmçinin Kulebanın açıqlaması NATO-nu çaşdırmaq cəhdi də adlandırıla bilər. Əslində Ukraynanın NATO-ya üzv olması müharibə ehtimalını daha da artırır. Çünki belə olan halda NATO Rusiya sərhədinə gəlir. Digər tərəfdən isə Ukraynada revanş istəyən siyasətçilər mövcud ola bilər. Lakin prakmatik cəhətdəm düşünəndə Rusiyaya hücum etmək məntiqli sayılmır”.